BAKI, 26 may. TELEQRAF

"Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd Peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax, elə məişət zorakılığının bir kökü oradan başlayır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bundan başqa təkcə qadınların yox, gənc oğlanların da iş tapmasında ciddi problemlər var: "Çox təəssüf ki, hərbi xidməti başa vurandan sonra bizim gənclərimiz ölkəni tərk edib iş dalınca başqa ölkələrə gedirlər. Bax, elə ailə quranların sayının azalmasının əsas səbəblərindən biri budur. Biz nə qədər maarifləndirmə işi ilə məşğul olsaq da, köklü iqtisadi islahatlar aparılmadan, dövlət tərəfindən müxtəlif ciddi sosial proqramlar həyata keçirilmədən bu problemlərə qarşı mübarizə apara bilməyəcəyik. Bax, bu selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr qız övladlarından imtina edir? Yəni səbəbləri araşdırıb, bir xəstəliyə diaqnoz qoymadan ona qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Ona görə də istərdim ki, əgər sonda Bahar xanımın imkanı olsa, bunun səbəblərinin araşdırılması və müvafiq vəzifəli şəxslərə təkliflər verilməsi, qanunvericilik təşəbbüsləri ilə çıxışlar edilməsi üçün təkliflər verilməsi qeyd olunmalıdır.

Hörmətli Hicran xanım dedi ki, bu, hamının işidir. Əlbəttə, hamının işidir. Amma ixtisaslaşmış qurum olaraq bu məqsədlə hökumət tərkibində xüsusi komitə yaradılıb. Bu komitənin əsas borcu odur ki, bu məsələləri araşdırıb müvafiq təşəbbüslərlə, təkliflərlə çıxış etsin".