BAKI, 26 may. TELEQRAF

Əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır.

Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Bahar Muradova rəhbərlik etdyi qurumun 2025-ci il üzrə məlumatını təqdim edərkən deyib.

O qeyd edib ki, orta əməkhaqqında da artım tempi müsbətdir:

“peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir,
- özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir. Bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini göstərir.

Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur. Hazırda ali təhsildə qadınların üstünlüyü, magistratura səviyyəsində balanslaşma, peşə təhsilində tədrici diversifikasiya olmaqla insan kapitalının keyfiyyətcə yüksəldiyi müşahidə olunur.

DK- nin 2020 ci ildə başlatdığı "Qızların Təhsilinə Dəstək" layihəsi 9 istiqamət üzrə proqramları və tələbə qızların artan sayı ilə bu nəcib mussiyanın daha da genişləndiyinin əsas əlamətidir.

Bu proses göstərir ki, Azərbaycanda artıq təhsil və iqtisadiyyat arasında struktur məzmunlu uyğunlaşma güclənməkdədir”.

Komitə sədri bildirib ki, iqtisadi Iştirak səviyyəsi və institusional mühitin sağlamlaşdırılması yönündən baxanda isə sahibkarlıq və iqtisadi aktivlik sahəsində qadınların payının artdığını, kənd təsərrüfatında iştirakının genişləndiyini özünüməşğulluq proqramlarının sosial inklüzivliyi gücləndirdiyini xüsusi olaraq vurğulamaq lazım gəlir:

“Bununla yanaşı, mülkiyyət və bank sektorundakı vəziyyət göstərir ki, iqtisadi qərarvermədə gender balansı hələ də inkişaf mərhələsindədir. Bu sahədə əsas hədəf isə resurslara çıxışın bərabərləşdirilməsinə iqtisadi gücün daha inklüziv paylanmasına nail olmaqdır. Bunu daşınmaz əmlak və bank sektorundakı iştirak nisbəti bir daha təsdiq edir. Yerli idarəetmə, QHT və media mühitinin təhlili göstərir ki, 2025-ci ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 39%-ə yaxınlaşıb, QHT sektoruna rəhbərlikdə sayı artmış, həmkarlar ittifaqlarında aktivliyi yüksəlib”.