BAKI, 3 mart. TELEQRAF
"Təqdim olunan illik məruzə yüksək peşəkarlıqla hazırlanıb və Ombudsman Aparatının bütün fəaliyyət istiqamətlərini əhatə edib. Sənəddən də görürük ki, qurum həm yerli, həm də beynəlxalq səviyyədə vətəndaşlarımızın pozulmuş hüquqlarının müdafiəsi sahəsində səmərəli işlər görür. İl ərzində Ombudsman fəal olub, çox mühüm tədbir və layihələr həyata keçirib".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova parlamentdə Ombudsman Səbinə Əliyevanın 2025-cü il üzrə məruzəsi ilə bağlı çıxış edərkən deyib.
O qeyd edib ki, bütün bu fəaliyyətlər, əldə olunmuş nəticələr və təkliflər İllik Məruzədə çox diqqətlə və ətraflı şəkildə hazırlanaraq Milli Məclisə təqdim edilib:
“Mən fürsətdən istifadə edib, Səbinə xanım, sizə və bütün əməkdaşlarınıza təşəkkür edirəm. Sənəddə həssas əhali qruplarının, uşaqların və əlilliyi olan şəxslərin tibbi xidmətlərə əlçatanlığı məsələlərinə geniş yer verilib. Bu məsələ də vacibdir. Xüsusi ilə rayon və kənd yerlərində tibbi və reabilitasiya xidmətlərinə çıxış imkanları məhduddur. Bəzən də insanlar mövcud xidmətlər barəsində məlumatsızlıq olurlar. Ona görə də yerlərdə məlumatlandırma işləri aparılmalıdır. Eyni zamanda, bu sahədə ehtiyaclar üzrə şəhər və rayonlar üzrə monitorinq keçirilməlidir. Son illərin ən aktual məsələlərindən birinə çevrilən narkomaniya yeniyetmə və gənclər arasında daha sıx yayılmağa başlamışdır. Bu hal həm uşaq və gənclərimizin sağlamlığına, təhsilinə, gələcək həyatına, həm də onların ailələrinə maddi və mənəvi ziyan vurmaqda davam edir.
Biz uşaqlarımızı bu təhlükədən qorumaq üçün daha güclü və təsirli tədbir görməliyik. Bu sahədə mövcud çətinliklər araşdırılmalı və müvafiq layihələr həyata keçirilməlidir. Biz hər zaman məişət zorakılığına, insan alverinə, erkən nikaha, bullinqə məruz qalmış şəxslərin, küçə uşaqlarının, sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili məsələsini önə çəkirik. İllik Məruzədə də buna toxunulur. Bu sahədə müəyyən işlər görülür. Lakin bu tədbirlər daha da gücləndirilməli, çevik mexanizm yaradılmalıdır”.
Komitə sədri bildirib ki, məruzədə Qərbi Azərbaycanlıların tarixi torpaqlarından zorla deportasiya edilməsi ilə əlaqədar, onların hüquqlarının bərpa olunması və dədə-baba yurdlarına qayıtması istiqamətində görülən işlər qeyd olunub: "Fikrimcə, Ombudsman fəaliyyətini daha da gücləndirməlidir. Məruzədə məhkəmə qərarlarının vaxtında və tam icra olunmaması ilə bağlı geniş təhlil yer almışdır. Xüsusilə də aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi artıq neçə ildir ki, aktualdır. Qanunvericiliyə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yəni, alimentin təyin edilməsinin əsas mahiyyəti uşağın ehtiyaclarının ödənilməsidir.
Məlumdur ki, bir çox borclular aylarla, bəzən illərlə aliment ödəməkdən yayınırlar. Əgər bu uşaqlar arasında xroniki xəstəliyi və ya əlilliyi olan varsa vəziyyət daha da çətinləşir. Düzdür, alimenti ödəməyən şəxs üçün qanunvericilikdə göstərildiyi kimi, inzibati və ya cinayət məsuliyyəti müəyyən edilmişdir. Lakin təcrübədə biz görürük ki, borclu bu və ya digər məsuliyyətə cəlb edilsə də, yenə də alimenti ödəmir. Burada əsas məsələ uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaq və eyni zamanda borclunun məsuliyyətini stimullaşdıracaq bir mexanizm yaratmaqdır”.