BAKI, 27 fevral. TELEQRAF
"Müasir dövrdə tibbi turizmin əhəmiyyəti böyükdür. Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün tibbi turizm sahəsində ölkəmizin imkanlarından istifadə edə bilmirik. Amma buna imkanlarımız var".
Teleqraf xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsində keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, tibbi turizmdən gələn gəlir digər turizm növlərindən gələn gəlirlərdən 6-10 dəfə yüksəkdir: "Ölkəmiz bu sahədə böyük vəsait əldə edə bilər. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, bizim tanınmış, geniş imkanlı klinikalarımızın beynəlxalq akreditasiyasını keçirməliyik. Dünya miqyasında klinikalarımızı tanısınlar. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, mütləq ölkəmizdə reabilitasiya mərkəzləri də yaratmalıyıq".