BAKI, 27 fevral. TELEQRAF

Bildiyiniz kimi, son illərdə turizm sektoru Azərbaycanın iqtisadi inkişafında prioritet istiqamətlərdən biridir. Cənab Prezidentin rəhbərliyi ilə turizmin inkişaf etdirilməsi üzrə geniş tədbirlər həyata keçirilir. Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra dövlətlərə münasibətdə viza rejiminin ləğvi, uçuş coğrafiyasının genişləndirilməsi, ölkənin təbliğatı istiqamətində genişmiqyaslı işlər görülüb. Son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsir edən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi statistik məlumatların təhlili turizmin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Belə ki, 2021-2025-ci illər üzrə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24.5% artaraq 3.6 milyard manata çatıb. Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23.2% çoxdur.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O qeyd edib ki, ilkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6.9 milyard manat olub:

“Nəticədə, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5.3 faizə yüksəlib. Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib.

Post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və içtimai iaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşüb.

Nəticədə, fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1.5 faizdən 4.6 faizə yüksəlib.

Ötən 5 ildə cəmi turist xərcləmələri 7.7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39% çoxdur.

Həmçinin 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74% artmışdır.

Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9.6% çoxdur.

Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artmışdır.

2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında da 2025-ci illə müqayisədə 5% artım var.

Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir.

Bununla belə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşır.

Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik.

Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir.

Eləcə də Turizm İnvestisiya Təşviqi Sənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsir edən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma və mədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsas maneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdə tutulur.
Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizm sahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdən ölçüləbilən artımı təmin edəcək.
Eləcə də turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək.
Dövlət Turizm Agentliyi tərəfindən bu prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı”hazırlanıb.

Hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir”.
Agentlik sədri bildirib ki, sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastonomiy, sağlamlıq, qış və eko turizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.

Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub.

Hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir.

Əlbəttə, turizm ölkədə digər əlaqəli sahələrin də inkişafına öz töhfəsini verdiyi üçün kompleks yanaşma tələb edir.

Bu baxımdan fəaliyyətin əlaqədar qurumlarla birgə təşkili əsasında icrası planlaşdırılır.

Turizmin inkişafına verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edərək bildirim ki , sürətlə dəyişən dünyada yeni çağırışlar fonunda müəyyən hüquqi normativ aktlarda dəyişiklik edilməsi zərurəti yaranıb.

İnanırıq ki, birgə səylərlə yaxın dövrlərdə turizmin daha da inkişafının şahidi olacayıq.