BAKI, 27 fevral. TELEQRAF

Parlamentin bugünkü iclasında “Kinematoqrafiya haqqında” Qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

Teleqraf xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aqil Abbas Azərbaycanda keyfiyyətli film və serialların olmadığını deyib.
Deputat həmçinin bir sıra ölkələrdən nazirliklərin film və seriallar çəkdiyini deyib, Rusiya ilə Azərbaycanı müqayisə edib: "Film vacib sahədir. Türkiyə bu dəqiqə filmləri ilə Osmanlıdan daha çox ərazini əhatə edib. Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil".

O qeyd edib ki, "Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı, bu, 10 dənə tam metrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar, verin bu filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın".

Spiker Sahibə Qafarova isə bu müqayisənin qüsurlu olduğunu deyib: "Siz xeyli danışdınız, amma heç qanun layihəsi haqqında bir kəlmə də demədiniz. Rusiya ilə Azərbaycanı müqayisə edirsiniz. Onların öz qanunları var, bizim öz qanunlarımız. Çıxışlarınızda bunlara diqqət edin”.