BAKI, 24 fevral. TELEQRAF
"Azərbaycanın heç bir marağı yoxdur ki, qonşu ölkələrdə qeyri-sabit vəziyyət olsun".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə münasibətlərə ciddi əhəmiyyət verir: “Biz bu gün İrandakı vəziyyəti də müzakirə edəcəyik. İranla bağlı bizim mövqeyimiz tam aydındır. Azərbaycanın heç bir marağı yoxdur ki, qonşu ölkələrdə vəziyyət qeyri-sabit olsun”.
Komitə sədri vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan mütəmadi olaraq Ukraynanın ərazi bütövlüyü tam dəstəkləyir: “Bu münaqişə diplomatik və siyasi vasitələrlə həll olunmalıdır. Beynəlxalq qanuna tam əməl olunmalıdır. Eyni zamanda qlobal təhlükəsizlik nəzərə alınmalıdır”.
S.Seyidov Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə də toxunub: “Ermənistanla sülh məsələsi müzakirə olunur. Çox həlledici məqamdadır. Sülhə praktik olaraq nail olunub”.