BAKI, 21 yanvar. TELEQRAF
İşçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Bu xüsusda, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əmək haqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.