BAKI, 16 yanvar. TELEQRAF
"Hesabat dövründə Ailə, qadın və uşaq məsələləri komitəsinin 13 iclası keçirilərək 15 məsələyə baxılıb. Sessiya dövründə 5 qanun layihəsi müzakirə olunub. Onlardan 1 qanun layihəsi bir oxunuşda, 4 qanun layihəsi üç oxunuşda müzakirə edilib. Bu qanun layihələri ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsinə mühüm töhfələr verəcək".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclasında komitə sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin yaratdığı yeni reallıqlar, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bütövlükdə Milli Məclisin fəaliyyətinə təsir göstərib: “Hörmətli Sahibə xanım bütün komitələr, parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının yüksək səviyyədə işləməsinə geniş imkanlar yaradır. Əlbəttə ki, bu böyük stimuldur.
Hesabat dövrü ərzində Komitə 3 beynəlxalq səviyyəli görüş keçirmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri və üzvləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilmiş bir sıra tədbirlərdə, eyni zamanda, həm parlamentdə, həm də respublika əhəmiyyətli, eləcə də beynəlxalq forum, konfrans, simpoziumlarda, dəyirmi masa və görüşlərdə fəal iştirak və çıxış ediblər.
Eyni zamanda, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri və üzvləri ölkənin ictimai- siyasi gündəmi, qəbul olunmuş qanunların əhəmiyyəti, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, erkən nikah və digər mövzularla bağlı mətbuatda, sosial mediada müsahibələr verib, onların məqalələri dərc olunmuş, TV proqramlarda çıxışlar ediblər.
Sessiya ərzində Komitəmizin üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi aktiv olmuş, bir sıra görüşlər keçiriblər. Müxtəlif beynəlxalq Forum, konfrans və simpoziumlarda iştirak və çıxışlar ediblər".
Komitə sədri bildirib ki, vətəndaşların yazılı və şifahi müraciətləri həm Milli Məclisdə qəbul zamanı, həm də rayonlarda seçicilərlə görüşlər zamanı mütəmadi olaraq dinlənilib, qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb və vətəndaşlara lazımi izahatlar verilib: “Həmçinin, ərizə və müraciətlərin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlara həm yazılı şəkildə məktublar göndərilib, həm də telefon əlaqəsi saxlanılmış və qanun çərçivəsində həllinə nail olunub”.