BAKI, 16 yanvar. TELEQRAF
"Regionda və dünyada baş verən prosesləri izləyirik. Hadisələrin bütövlükdə, inkişaf prosesinə, insanların həyatına mənfi təsirlərini görürük".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclasında komitə sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, beynəlxalq aləmdə yaranmış bu vəziyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər düzgün olduğunu bir daha öz təsdiqini tapır: “O, strateji düşüncəni, siyasi iradəni və öz xalqı qarşısında məsuliyyəti birləşdirə bilən bir liderdir. Həqiqətən də, böyük siyasi layları tərpədən dövlət başçımız sübut etdi ki, sülh yalnız dövlət özünü və qanuni maraqlarını müdafiə edə bildikdə mümkün olur. Azərbaycan bu gün sülhün möhkəmləndirilməsinə doğru irəliləməyə davam edir. Və təbii ki, bu sülh suverenliyə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslanan ədalətli bir sülh olmalıdır”.
Komitə sədri bildirib ki, bu gün Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi milli iqtisadiyyatın gücü sayəsində həyata keçirilir: “Bu, dövlətin dayanıqlığını və potensialını əyani şəkildə nümayiş etdirir. Bu gün işğaldan azad edilən torpaqlara yalnız əhali qayıtmır; həyat, ləyaqət və tarixi ədalət qayıdır. Azərbaycan qarşıya qoyduğu vəzifə və məqsədlərə çatmaq üçün real addımlar atır. Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini davam etdirən və daha da gücləndirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Bu yol asan deyil. Qələbə ilə yanaşı, çətinliklərimiz, ağrılarımız də olub. Və biz tariximizi, yaşadığımız faciələri unutmuruq.
Bir neçə gündən sonra 20 Yanvar hadisəsinin 36 ili tamam olacaq. Biz, 20 Yanvar, eləcə də digər faciəli tarixlərimizi xatırlayaraq, eyni zamanda, əldə etdiyimiz Şanlı Zəfərimizə, uğurlarımıza, birliyimizə arxalanaraq, yeni çağırışlar qarşısında daha da güclənməliyik. Unutmaq olmaz ki, Azərbaycan necə mürəkkəb regiondadır, bizim necə qonşularımız var, geosiyasi mərkəzlərin, güclü dövlətlərin Cənubi Qafqazda hansı maraqları var. 1990-cı il yanvarın 20-də, Birinci Qarabağ və Vətən müharibəsi illərində, 2023-cü ilin sentyabrında xalqın qəhrəmanlığına söykənən müstəqil Azərbaycanı bütün gücümüzlə qorumaq, yaşatmaq və müdafiə etmək bizim borcumuzdur. Və hər birimiz üzərimizə düşən vəzifəni ləyaqətlə yerinə yetirməliyik”.