BAKI, 26 dekabr. TELEQRAF

"Bu qanun layihəsi xaricdə oturub Azərbaycan əleyhinə iş aparan, hansısa məqsədlərlə gedib sığınacaq alan şəxslərlə bağlı tətbiq olunmalıdır. Bu, söz azadlığının məhdudlaşdırılması deyil".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, xaricdə oturub heç bir məsuliyyət daşımadan insanları təhqir etmək və onları mənəvi terrora məruz qoymaqla bağlı Cinayət Məcəlləsində ağır maddə olmalıdır:

"Bununla bağlı prokurorluq orqanları müəyyən işlər qaldırıblar. Bu daha da genişlənməli və həmin şəxslər Azərbaycana gətirilib qanun qarşısında cavab verməlidir. Bir qrup insan hesab edir ki, danışsam məni təhqir edəcəklər. Onların çıxışlarını həyat yoldaşları, anaları, bacıları oxuyur. O cür ifadələrin işlədilməsi ilə insanların heysiyyatına toxunmaq istəyirlərsə, birinci özlərinin heysiyyatına toxunulmalıdır. Onlar müxtəlif ad altında Azərbaycana tərk ediblər. Həmçinin, televiziya kanallarında göstərilən verilişlər və seriallara aidiyyəti qurumlar cavabdehlik daşıyır. Hesab edirəm ki, orada olan mənəvi terroru aradan qaldırmağa onların imkanı çata bilər".