BAKI, 23 dekabr. TELEQRAF
"24 dekabr Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərə qoşularaq 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsindən olan vətəndaşların adından və öz adımdan ölkə başçımızı təbrik edir, möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin daha da güclənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar diləyirəm".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Günay Ağamalı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzaladığı Sərəncam dövlətimizin milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına verdiyi strateji əhəmiyyətin parlaq ifadəsidir: "Bu qərar Azərbaycan şəhərsalma və memarlıq məktəbinin çoxəsrlik zəngin ənənələrinə sadiqliyin və gələcəyə yönəlik baxışın məntiqi davamıdır.
Azərbaycanın şəhərsalma və memarlıq mədəniyyəti xalqımızın dünyagörüşünü, estetik zövqünü və milli kimliyini özündə ehtiva edən canlı irsdir. Tarixi şəhərlərimizin memarlıq siması əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşaraq milli dəyərlərimizi qorumaqla inkişaf edib. Bu baxımdan “Şəhərsalma və Memarlıq İli”nin elan olunması milli irsimizin sistemli şəkildə qorunması və təbliği baxımından mühüm addımdır".
Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə tarixi şəhərlərin qorunması və memarlıq abidələrinin bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: "Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müasir memarlıq konsepsiyası ilə milli irsin vəhdəti təmin edilib, paytaxt Bakıda və regionlarda həyata keçirilən layihələr ölkəmizin inkişaf fəlsəfəsinin bariz nümunəsinə çevrilib.
Xüsusilə qeyd etmək istərdim ki, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və tarixi-memarlıq abidələrinin bərpası istiqamətində ardıcıl fəaliyyəti bu sahədə dövlət siyasətinin humanist və estetik mahiyyətini daha da gücləndirir.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi Azərbaycanın şəhərsalma siyasətinin müasir və innovativ xarakterini nümayiş etdirir. Şuşa şəhərinin tarixi siması qorunmaqla bərpası milli iradənin və mədəni yaddaşın təntənəsidir. Bakıda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi isə ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir.
Əminəm ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər şəhərlərimizin daha estetik, rahat və dayanıqlı mühitə çevrilməsinə mühüm töhfə verəcək".