BAKI, 23 dekabr. TELEQRAF
"Azərbaycan dövlət başçısı İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb: "Yəni, dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isə o deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələyib.
Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni, həmin müddətdən qlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb.
Fiskal gəlirlərimiz və eləcdə qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbər verir ki, son 22 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib".