BAKI, 23 dekabr. TELEQRAF
"Liderin tarixdə yeri təkcə öz xalqının ona verdiyi qiymətlə ölçülmür. Əsl meyar başqa millətlərin, o cümlədən, digər dövlət başçılarının ona münasibəti ilə müəyyənləşir. İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, indi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər: "Təbriklərin dili dəyişib- çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib.
Tarix belə liderləri dövrün adı ilə yadda saxlayır: Ruzvelt dövrü. Çörçill dövrü. İlham Əliyev dövrü.
O, Birinci Katibin övladı, imperiyanın üçüncü Adamının oğlu, Prezidentin siyasi varisi olmasına baxmayaraq, sadə xalqın arzularının daşıyıcısı, əli qabarlı insanların ümidlərinin ifadəçisi oldu.
İlham Əliyev yüz illərin “kimdir günahkar”, dilemmasını tariximizdən sildi, nəsillərarası günahı sonlandırdı. İndi sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras edirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq.
90-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını nailiyyət kimi təqdim edənlər, o zaman dövlətin zəifliyi nəticəsində həmin qüvvələrin 20 faizlik torpaqlar üzərində, faktiki ərazilərimizdən heç yerə getmədiyini etiraf etmirlər.
Lakin 2024-cü ildə rus hərbi kontingentinin müharibəsiz, itkisiz və Bakı tərəfindən müəyyən edilən qrafiklə, vaxtından bir il əvvəl torpaqlarımızı tərk etməsi 1-ci Pyotrdan sonra Qafqazda tək nümunədir. İlk dəfədir, xarici hərbi qüvvələr qalib və suveren dövlətin siyasi iradəsi ilə çıxarılır.
Bir vaxtlar İkinci dünya müharibəsindəki qəhrəmanlığımızdan danışarkən deyirdiik: “Azərbaycan oğulları Qafqazdan Berlinə qədər şərəfli yol keçib”. Lakin 30 il öz torpaqlarımıza gedə bilmirdik. Biz indi istənilən Avropa paytaxtına Zəngilandan, Füzulidən uça bilirik. Torpaqlarımız kimi, hava məkanımız da azaddır.
Müharibədən sonrakı dövrün qəhrəmanı artıq fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir. Yeni Vətən quran bənnanın da, dağları aşan elektrik ustasının da, su çəkən mühəndisin də mülki Ali Baş Komandanı Odur".
Deputat bildirib ki, indi hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir: "İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, dünyaya mesaj verir-biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik.
O, İrəvanda kilsə, dövlət və diaspora üçlüyünə söykənən dini-siyasi ayinləri də sülh duaları ilə əvəzlətdirib.
Azərbaycan liderləri Qafqazda zəif olanda, həmişə torpaq və sərvət itiriblər. İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur!
Qələbənin simvoluna çevrildiyi üçün, İlham Əliyevə ünvanlanan təbriklər artıq protokol deyil, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən beynəlxalq siyasi qiymətdir".