BAKI, 19 dekabr. TELEQRAF
"Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi çox vacibdir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Onun sözlərinə görə, digər məsələ istehsalatla universitet arasındakı əlaqələrin daha da gücləndirilməsidir: "Sadəcə məzunların olması kifayət eləmir. Müəyyən bir təcrübə əldə etmiş, xüsusilə kənd təsərrüfatı sahəsində, oxuduğu illərdə belə təcrübə əldə edə bilmiş kadr xüsusilə əhəmiyyətlidir. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər, iri fermer təsərrüfatları, aqrar sənaye müəssisələri ilə də universitet sənaye əməkdaşlığının dərinləşməsi tələbə hazırlığının keyfiyyətini artıracaq. Bu istiqamətdə də Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında strateji hədəflər qoyulub".
Nazir müavini bildirib ki, aqrar sahədə tətbiqi elmi tədqiqatların payının artırılması vacibdir: "Universitet yalnız akademik tədqiqatlarla deyil, bu sahədə dərhal tətbiq olunan innovasiyalarla da çıxış etməli və məhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərlə mübarizə, torpaq və su ehtiyatlarının qorunması üzrə yeni modellər hazırlamalıdır. Bundan başqa, regional və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi də digər strateji hədəfdir. Çünki bu gün sadəcə ölkə daxilində ixtisaslı kadr yetişdirməklə kifayətlənmək olmaz. Beynəlxalq sahədə görülən işlərlə, başqa institutlarda aparılan araşdırmalarla tanış olmaq lazımdır".