BAKI, 19 dekabr. TELEQRAF

"Prezidentin amnistiya təşəbbüsü tərbiyəvi əhəmiyyəti olduqca böyükdür".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu amnistiya aktında vətən müharibəsi iştirakçılarının və onların yaxınlarının daxil edilməsi mühüm önəm kəsb etmir: “Bu layihə təkcə müharibə iştirakçılarını deyil digər sosial qrupları da əhatə edir. Həmçinin bu cəza siyasətinin islahyönülmü bir yanaşmasıdır”.

Ziyafət Əsgərov deyib ki, müasir Azərbaycan dövlətinin banisi Ümumilli lider Heydər Əliyevin dövlət quruculuğunda dayanıqlı inkişafı təmin edən humanizm, sosial ədalət ,mərhəmət, vətəndaş rifahı prinsipləri əsasında yürütdüyü siyasət bu gün də davam etməkdədir:

"Ulu öndərimizin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmaqla yanaşı, humanizmi dövlət siyasətinin əsas prinsipinə çevirib.
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev də bu siyasəti uğur və qətiyyətlə davam etdirməkdədir. Dövlət başçımızın siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili, vətəndaş rifahı, ədalət prinsipləri ön sırada dayanır. Bu humanist yanaşma ölkəmizin cinayət-hüquq siyasətinin formalaşmasında da təzahür edir.

Ölkə başçımız suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqərar olmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsün əsasında cəzadan azad olunacaq şəxslərin ölkəmizin inkişafında fəal şəkildə iştirak edəcəklərinə inam və bu humanist addımın tərbiyəvi əhəmiyyətinə güvən dayanır.

Amnistiya aktının layihəsində xüsusilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə üstünlük verilməsi siyasi-hüquqi baxımdan prinsipial yanaşmadır. Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının amnistiya dairəsinə daxil edilməsi dövlətin öz vətəndaşına olan mənəvi borcunun ifadəsidir.

Eyni zamanda, Ermənistanın hərbi təxribatları nəticəsində mülki əhaliyə qarşı törədilmiş əməllərdən zərər çəkmiş, əlil olmuş şəxslərin bu aktda nəzərə alınması beynəlxalq humanitar hüququn və sosial ədalət prinsipinin milli hüquq sistemində tətbiqinin bariz nümunəsidir".

Vitse-spiker deyib ki, layihə yalnız müharibə iştirakçılarını deyil, eyni zamanda cəmiyyətin həssas sosial qruplarını da əhatə edir: "Qadınlar, 60 yaşına çatmış şəxslər, cinayəti törədərkən yetkinlik yaşına çatmayanlar, eləcə də böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunan şəxslər üçün cəzadan azad olunma və ya cəzanın azaldılması nəzərdə tutulur. Bu, cəza siyasətində fərdiləşdirilmiş və islahyönümlü yanaşmanın gücləndiyini göstəricisidir.

Dövlət başçımız İlham Əliyevin təklifi ilə irəli sürülən bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiyadır. Ümumilikdə, akt 20 mindən çox şəxsə şamil olunacaq. Onlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcəyi, 3 mindən çox şəxsin cəzasının azaldılacağı, minlərlə məhkumun isə alternativ cəzalardan və ya cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir".

Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycanın müasir tarixində amnistiya və əfv təşəbbüsləri ardıcıl və sistemli xarakter daşıyır: "1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsi əhatə edib. Bu siyasətin əsasını qoyan Ümummilli lider Heydər Əliyevin dövründə 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, 7 amnistiya aktı qəbul edilib.

2003–2025-ci illər ərzində isə Prezident İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 mindən artıq məhkum əfv olunub.

Bu kontekstdə, Milli Məclisin deputatı olduğu dövrdə Mehriban Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları da sosial humanizm xəttinin qanunverici müstəvidə möhkəmləndirilməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə əks etdirən strateji addımdır. Bu təşəbbüs bir daha göstərir ki, Azərbaycan gücünü yalnız hərbi-siyasi qələbələrdə deyil, hüququn aliliyinə, insan amilinə və sosial ədalətə söykənən idarəetmə modelində də təsdiqləyir.

Konstitusiyanın ali hüquqi sənəd kimi cəmiyyətdə hüquqi sabitliyi təmin etməsi, suverenliyin isə real siyasi və institusional məzmun kəsb etməsi məhz bu cür humanist qərarlarla tamamlanır. Amnistiya aktı dövlətin öz vətəndaşı qarşısında məsuliyyətini, postmüharibə dövründə sosial reinteqrasiya və milli həmrəyliyə verdiyi əhəmiyyəti nümayiş etdirir".

Vitse- spiker əlavə edib ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və mənəvi əsaslarını üzvi şəkildə birləşdirən mühüm dövlətçilik aktıdır: "Bu təşəbbüs sübut edir ki, dövlətimiz əldə etdiyi suverenliyi yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, eyni zamanda Konstitusiyanın ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin qorunması və hüquqi sabitliyin möhkəmləndirilməsi yolu ilə dərinləşdirir.

Amnistiya aktı postmüharibə mərhələsində cəmiyyətin sosial gərginliyin azaldılmasına və hüquqi reinteqrasiyanın genişlənməsinə xidmət edən strateji addımdır. Bu addım dövlətin gücünü cəza sərtliyində deyil, hüquqi məsuliyyət və humanist idarəetmə fəlsəfəsində gördüyünü bir daha təsdiqləyir. Eyni zamanda, Konstitusiyanın ali hüquqi sənəd kimi praktik icrası suveren qərarvermə mexanizminin institusional yetkinliyini nümayiş etdirir.

Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülmüş amnistiya təşəbbüsü hüquqi dövlət quruculuğunun yeni mərhələsini ifadə etməklə yanaşı, milli barış, ictimai etimad və dövlət–vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından dərin siyasi məna daşıyır. Bu təşəbbüs göstərir ki, müstəqil Azərbaycan hüquq, ədalət və insan mərkəzli siyasət prinsiplərini öz suveren inkişaf yolunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir və gələcək mərhələdə də bu xəttə sadiq qalacaq".