BAKI, 19 dekabr. TELEQRAF
"Biz növbəti dəfə erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqının ölkəmizə qarşı qərəzli yanaşmasının şahidiyik. Çox təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verməsi ənənə halını alıb. Burada bir məqsəd var o da Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə mane olmaqdır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, görünür Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada artan nüfuzu onları ciddi narahat edir: "Münaqişənin tənzimlənməsinə heç bir real töhfə verməyən Avropa İttifaqı bölgəmizə sülhün gəlməsinə mane olmaq yolu seçib.
Biz bu qərəz və ədalətsizliyi bir müddət bundan əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə də gördük. Bu sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb".
Deputat bildirib ki, Ermənistanda bu qədər həbslər həyata keçirilir: “Əvvəlki hakimiyyətdə təhsil olunan bir çox siyasi xadimlərə qarşı bir çox həbslər və təqiblər həyata keçirilib. Niyə bunu pisləyib bir bəyanatı görmürük. Bu gün Ermənistanda din xadimlərinə qarşı ciddi repressiya var. Nə qədər din xadimi həbs olunub. Niyə buna heç bir reaksiya yoxdur? Onlar siyasi baxışlarına görə təqib olunurlar.
Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir. Ermənistan 1 milyonun Azərbaycanlının evi, tarixi abidələrimiz Ermənistan tərəfindən dağıldıqda harada idi? Niyə bir dəfə də olsun dağıdılan 67 məscidlə bağlı bir bəyanat qəbul etmədi. Ötən əsrin 80–ci illərində öz doğma yurdlarından deportasiya olunan Azərbaycanlıların hüquqlarını müdafiə etmirlər? Niyə bununla bağlı qərar qəbul etmirlər. Bu gün Avropa ölkələrində islamofob meyllər sürətlə artır. Buna niyə reaksiya yoxdur? Niyə bunun qarşısı alınmır?
Aİ-nin müharibə cinayətkarlarına sevgisi də bitmir. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi”.