BAKI, 19 dekabr. TELEQRAF

"Bildiyiniz kimi, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar və əsassız ittihamlar üzərində qurulan ədalətsiz daha bir qətnamə qəbul edilib. Təəssüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib: "Sənəddə yer alan “siyasi məhbusların mövcudluğu”, “siyasi təqiblər”, “akademik azadlıqların və mədəni hüquqların pozulması” kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət institutlarının müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə dönmədən əməl edir. Demokratik institutların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas elementlərinin qurulması və digər amillər dövlətimizin demokratiya yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquqlarının və azadlıqlarının müdafiəsi yalnız milli hüquq qaydası çərçivəsində və dövlətin suveren səlahiyyətlərinə ciddi riayət olunması şəraitində təmin edilə bilər.

Mövcud reallıqların nəzərə alınmadığı birtərəfli rəyləri qəbul etdirmək cəhdləri heç də etimadın möhkəmlənməsinə və tərəfdaşlığın inkişafına xidmət etmir. Əksinə, bu cür yanaşma bərabər hüquqlu beynəlxalq əməkdaşlıq ideyasının özünə zərbə vurur və konstruktiv dialoq anlayışını dəyərdən salır”.

Spiker bildirib ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq müqavilələrin məsuliyyətli iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirir: “Bununla birlikdə, biz ölkəmizlə münasibətlərin inkişafını əsassız tələblərin yerinə yetirilməsi ilə bağlamaq cəhdlərinə səssiz qala bilmərik. Bizim dövlətimiz beynəlxalq qurumlar ilə qarşılıqlı hörmət, obyektivlik və ikili standartlara yol verilməməsi əsasında əməkdaşlıq üçün açıqdır. Lakin heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmağa haqqı yoxdur.

Saxta ittihamlar və əsassız iddialar yolu ilə Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edərək milli maraqlarına zidd olan bütün qərəzli addımları bundan sonra da qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”.