BAKI, 19 dekabr. TELEQRAF

"İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində dünən keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, Ermənistanın 30 illik işğalına son qoymaqla Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. Bu reallıq beynəlxalq hüquqa əsaslanır və yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün yeni əməkdaşlıq imkanları açır: "Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir. “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbləşdirilməsi məqsədi ilə “Avropa Sülhü Fondu” adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir.

Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Cari il ərzində din xadimlərinin, siyasətçilərin həbsi ilə bağlı nə bir bəyanat verilib, nə də hər hansı dinləmə təşkil olunub. Əksinə, Ermənistan hökumətinə davamlı və məhdudiyyətsiz siyasi dəstək ifadə edilir.
Daha bir narahatedici hal ondan ibarətdir ki, Ermənistanın və onun işğal dövründə Azərbaycanın ərazilərində yaratdığı marionet rejimin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə hazırda Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərə Avropa İttifaqı dəstək nümayiş etdirir. Bu şəxslərin azad olunmasının prioritet elan edilməsi insan hüquqlarının siyasi məqsədlər üçün alətə çevrilməsi demək deyilmi?
Biz Avropa İttifaqının Rusiya–Ukrayna münaqişəsinin həllində israrla müdafiə etdiyi beynəlxalq hüquq prinsiplərinə Ermənistan–Azərbaycan normallaşma prosesində fərqli və qərəzli yanaşmasını görürük: Yoxsa Paris və Brüssel Vaşinqtonun da dəstəklədiyi sülh prosesinə qarşı alternativ gündəm hazırlayır?

Unutmayaq ki, təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu geosiyasi mövqe, resurslar və yaratdığı infrastruktur həlledici əhəmiyyət daşıyır. Biz isə Avropa İttifaqı-Ermənistan “Strateji gündəlik” sənədində Zəngəzur dəhlizinə/TRİPP marşrutuna istinad görmədik”.

Deputat bildirib ki, reallıqların təhrifi və ikili standartlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə qərəzli siyasətini bir daha nümayiş etdirir: "Görünən odur ki, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo-liberallar regionda yaranmış sülh prosesinə xələl gətirmək niyyəti ilə yenidən fəallaşıblar. Lakin bu cəhdlər də uğursuz olacaq. ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da qeyd edildiyi kimi, Avropa İttifaqı “dəyərlərin tənəzzülü” prosesi ilə üz üzədir.

Qalib Azərbaycan, milli maraqlarını ön planda saxlayan, balanslaşdırılmış, beynəlxalq hüququn prinsiplərinə əsaslanan və sülhə xidmət edən siyasətini davam etdirir. Çünki, Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi çoxsaylı ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilir və təqdir olunur.