BAKI, 17 dekabr. TELEQRAF

Bu gün müzakirə etdiyimiz Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər, xüsusilə də atalara uşağın doğulması ilə bağlı 14 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi istiqamətində atılan mühüm və strateji addımdır.

Teleqraf xəbər verir bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Günay Ağamalı deyib.

O qeyd edib ki, bu dəyişiklik ailədaxili məsuliyyət bölgüsünün təşviqi, valideynlik institutunun gücləndirilməsi və uşağın erkən inkişafında atanın rolunun hüquqi müstəvidə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu gün cəmiyyətimizdə ailə dəyərlərinin qorunması, sağlam ailə modelinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bu kontekstdə atanın uşağın dünyaya gəlməsi prosesində fəal iştirakının təmin olunması ailədaxili münasibətlərin keyfiyyətinə, psixoloji mühitə və valideynlər arasında qarşılıqlı dəstəyin artmasına müsbət təsir göstərir.

Ən vacib məqam ondan ibarətdir ki, bu dəyişikliklə ata artıq formal deyil, hüquqi baxımdan ailədə daha aktiv subyektə çevrilir. O, həyat yoldaşına dəstək olur, körpənin ilk günlərində ailənin yanında olur və bu, uşağın erkən emosional və sosial inkişafı üçün olduqca vacibdir".

Deputat hesab edir ki, bu dəyişiklik ailə institutuna dövlət səviyyəsində verilən yüksək dəyərin, ata rolunun tərbiyə prosesində gücləndirilməsinə yönəlmiş müasir yanaşmanın bariz nümunəsidir: “Bu qanun layihəsini tam dəstəkləyir və hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan cəmiyyətində sağlam ailə münasibətlərinin formalaşmasına mühüm töhfə verəcək”.