BAKI, 16 dekabr. TELEQRAF

"6 min növdən çox elektron siqaret var ki, üzərində cizgi filmləri personajlarından, tərkibində meyvə dadlarından istifadə edilir
Burada da hədəf uşaqlar və xanımlardır.

Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, elektron siqaret tərkibində tütün məmulatı olan siqaretlərdən daha təhlükəlidir:

"Çünki bu siqaretlərin həm əhatə dairəsi daha genişdir, həm də tərkibi kimyəvi maddələrdən ibarətdir. 2020-ci ildə ABŞ-də ağciyər xəstəliklərindən müraciət edənlərin 3000 nəfərdən artığı elektron siqaretə görə müraciət edib və aralarında ölənlər də olub. Artıq 46 ölkə elektron siqaretlərin satışını qadağan edib. 83 ölkə isə satışını tənzimləməklə satışını məhdudlaşdırıb. 6 ay öncə bu siqaretləri qadağan edən ölkələrin sayı 35 idi, yəni 6 ay ərzində 11 ölkə bu siyahıya qoşulub".

Validə Sadıxova bildirib ki, elektron siqaretlərdən daha çox yeniyetmələr istifadə edir: "Çünki bunun ətri siqaret kimi deyil, gizlətmək daha asandır".

O qeyd edib ki, bir çox istifadəçi profillərinə, məsələn, qadınlara bunun ətri hətta xoş gəlir: "Dünya influnserləri tərəfindən həyat tərzi kimi təqdim olunur. Siqaretdən daha çox təhlükəlidir. Çünki əhatə dairəsi daha genişdir, riskləri hələ də tam araşdırılmayıb. Çünki siqaret bir tütün bitkinin yandırılmasından yaranan tüstünün nəfəsə çəkilməsidir. Elektron siqaret isə kimyəvi məhlulun buxarlanmasından ağciyərə gedən buxar deməkdir. Bunların tərkibi daha çox nikotin, bitki qliselini və dadlandırıcılardır”.