BAKI, 3 sentyabr. TELEQRAF

“Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı, ən çox əhaliyə sahib və texnologiyaların sürətlə inkişaf etdiyi ölkədir. Eyni zamanda Çin beynəlxalq siyasi arenada da mühüm söz sahibidir. Bu baxımdan Azərbaycanın Çinlə əməkdaşlığının dərinləşməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan–Çin münasibətləri artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hökumətlər arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığın genişlənməsi üçün möhkəm hüquqi baza yaradıb. Dövlət başçımız cari ildə artıq ikinci dəfədir ki, Çinə səfər edir”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, münasibətlərin yüksək səviyyəyə çatması qarşılıqlı viza rejiminin aradan qaldırılmasına şərait yaradıb:

“Bu gün vətəndaşlarımız vizasız olaraq qarşılıqlı səfərlər edə bilirlər. 2024-cü ildə Çindən ölkəmizə gələnlərin sayı 1,9 dəfə, cari ilin ilk yeddi ayında isə 1,8 dəfə artıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3,7 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 21 faiz artım deməkdir. Bu ilin yeddi ayında isə əlavə olaraq 26 faiz artım qeydə alınıb. Azərbaycanın idxalında 18 faiz payla Çin birinci yerdədir. Hazırda Çinin Azərbaycanda 375 müəssisəsi qeydiyyata alınıb, onların 292-si aktiv fəaliyyət göstərir. Azərbaycanın Çində isə 6 Ticarət Evi fəaliyyət göstərir ki, bu da ixracımızın artmasına şərait yaradıb. Azərbaycan Çinlə sənaye, nəqliyyat, kənd təsərrüfatı, telekommunikasiya, süni intellekt, bərpa olunan enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir”.

Azər Badamov əlavə edib ki, Çinin “Huawei” şirkəti işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edir:

“Bundan başqa, bərpa olunan enerji sahələrinin yaradılmasında da Çin texnologiyalarından istifadə olunur. Dövlət başçımızın Çinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və bir çox iri şirkət rəhbərləri ilə görüşləri olub. Bu görüşlər Azərbaycan–Çin münasibətlərinə yeni bir impuls verəcək. Azərbaycan–Çin əlaqələri nəqliyyat-logistika sahəsində də möhkəmlənir. Çinlə Avropa arasında 700 milyard dollarlıq ticarət dövriyyəsinin mövcudluğunu nəzərə alsaq, bu daşımaların həyata keçirilməsində Azərbaycanın ərsəyə gətirdiyi Orta dəhlizin rolu günü-gündən artır. Ümumilikdə isə, dövlət başçılarımızın dostluq münasibətləri sayəsində Azərbaycan–Çin əlaqələri qarşılıqlı hörmət və fayda əsasında davamlı olaraq möhkəmlənir”.