BAKI, 21 iyun. TELEQRAF

"Naxçıvan muxtariyyətinin ləğvi müzakirə predmeti deyil".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov iyunun 21-də “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Ziyafət Əsgərov həmkarı Qüdrət Həsənuquliyevin Naxçıvanın muxtariyyətinin ləğv olunması ilə bağlı təkliflə razılaşmadığını söyləyib:

"Edilən dəyişikliklərin məqsədi dövlət orqanları arasında tarazlıq prosesini qorumaqdır. Qüdrət müəllim Naxçıvanın muxtariyyətinin ləğvi barədə məsələ qaldırdı. Əvvəla, bu, müzakirə predmeti deyil. Siz 1992-ci ildə hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Xaos, özbaşnalıq. Allah üzümüzə baxdı ki, Heydər Əliyev Ali Məclisin sədri oldu, vəziyyəti sakitləşdirdi. Olmasaydı, nə olacaqdı? Muxtar status Naxçıvanın itirilməsinin qarşısını aldı. Təsəvvür edin, ora Ermənistan, İran və az hissəsi isə Türkiyə ilə sərhəddir. Muxtariyyəti ləğv edək, əraziləri kimin ağuşuna ataq?"

Sədr müavini "unitar dövlət tərkibində muxtariyyət ola bilməz" fikrinə də münasibət bildirib:

"Təkrar olunur ki, Azərbaycan unitar dövlətdir, onun tərkibində muxtariyyət olmamalıdır. Tamamilə səhvdir. 30 ildir Konstitusiya hüququ ilə məşğul oluram. Gürcüstanın ərazisində 2 muxtariyyət var idi. Bir muxtariyyət də ola bilər, iki də. Ona görə hesab edirəm ki, Naxçıvanın muxtariyyəti bizim tarixi naliyyətimiz idi. 1924-cü ildən muxtar status qazanıb. Naxçıvanın ərazi itirməməsinin səbəbi muxtar statusda olması idi. 90-cı illərdə Naxçıvan nə vəziyyətdə idi. Naxçıvanla Azərbaycan arasında 40 km yer var. Ora hələlik bizdə deyil. Dəmir yolu, avtomobil yolunun açılmasına görə statusu ləğv edə bilmərik. Bu məsələ müzakirə predmeti olmalı deyil".