BAKI, 13 iyun. TELEQRAF
"Bu il dövlət müəssisələri, SOCAR təqribən, 1,8 milyard vergi ödəyib. Onun da əhəmiyyətli hissəsi yenidən Bakı Neft Emalı Zavodunun bərpasına xərclənib. Yəni, dövlət müəssisələri həm də hökumət zəmanəti ilə pullar götürürlər, sonra biz büdcədən hər il milyardlarla vəsait geri qaytarırıq. Ona görə də dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi gündəmə gəlməlidir".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Cəbrayıl və Zəngilanda böyük quruculuq işlərinin getdiyini xatırladan deputat qeyd edib:
"Orada çox böyük quruculuq işləri gedir və büdcədən də bu il 5 milyard 345 milyon manat vəsait xərclənib. Bu, böyük vəsaitdir, amma orada həyatı qaytarmaq üçün 100 milyardlarla manat vəsait lazımdır. Mən bir məsələyə toxunum ki, hansı ki, bu günlərdə bu barədə infromasiya yayılıb, çox təəssüf ki, hamı bu barədə bir-birilə pıçıltı ilə danışır. Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmal yolu ilə gəmilərlə ölkəyə gətirilən və 100 milyonlarla aksiz markası olmayan və vergidən yayınan, siqaret qaçaqmalçılığı ilə məşğul olan bir cinayətkar şəbəkəni ifşa ediblər. Mən onlara təşəkkür edirəm. Çox istərdim ki, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Dövlət Sərhəd Xidməti araşdırsınlar ki, bunlar özləri orada dənizi qazıb, liman düzəldiblər, uzun müddət bu işlə məşğul olublar. Biz bilirik ki, Azərbaycanda siqaret istehsalı ilə məşğul olan müəssisələr var. Onlar vergi ödəyirlər. Yəni bu, ədalətsizliyin qarşısı alınmalıdır, həm də bu qədər milyardlarla vəsaitin tələb olunduğu vaxtda hesab edirəm ki, bu cür hərəkətlər Prezidentə və dövlətimizə xəyanətdir. Bu şəbəkənin arxasında duran şəxslər aşkar olunub ciddi şəkildə cəzalandırılmalıdır".
Deputat gömrük xətti ilə toplanan vəsaitlərə də toxunub:
"Mən baxdım, misal üçün, ABŞ-də gömrük orqanları xətti ilə toplanan vəsait adambaşına təqribən 300 dollar, bizdə isə bu, təqribən 660 dollardır. Yəni, bu da hökuməti ciddi düşündürməlidir və narahat etməlidir ki, niyə Azərbaycanda bu qədər idxalın həcmi böyükdür və biz niyə bu istehsal ilə özümüz məşğul ola bilmirik? Niyə sahibkarlar ölkəyə investisiya yatırmırlar və yaxud da ki, xarici investorlar Azərbaycana bizim gözlədiyimiz səviyyədə maliyyə vəsaitləri yatırmırlar? Mən əvvəllər də bu məsələni qaldırmışam, iqtisadi cinayətlərlə bağlı bütün cinayət işlərinin araşdırılması Vergilər Xidmətinə tapşırılmalıdır. Əgər digər dövlət orqanları hər hansı iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayırlarsa, dərhal həmin materiallar Vergilər Xidmətinə göndərilməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır, qanununun aliliyi təmin olunmalıdır və mülkiyyəti qoruyan güclü məhkəmələr olmalıdır”.