BAKI, 21 may. TELEQRAF
Təhsilin bütün pillələrində fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Məlumatda həmçinin aşağıdakı təkliflər də öz əksini tapıb:
- Təhsilin bütün pillələrinə aid tədris resursları üzrə gender ekspertizasının keçirilməsi;
- Təhsil müəssisələrində direktorların işə qəbulu zamanı müsahibə komissiyalarında gender bərabərliyinin təmin olunması;
- Özəl elm və təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı gender bərabərliyi prinsipinə əməl olunması;
- Təhsil müəssisələrində, xüsusilə ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlərin müəyyən olunması;
- Ali təhsil müəssisələrində liderlik, idarəetmə, qərarvermə, sağlam, yaradıcı, sərbəst düşünmə, düşüncələri ifadəetmə bacarıqlarının inkişafı üzrə fənlərin tədris olunması;
- Təhsildən yayınma hallarının qarşısının alınması, xüsusilə qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.