BAKI, 20 may. TELEQRAF

Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron qərarın forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Teleqraf xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Həmçinin, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda, o cümlədən elektron qərar səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunur. Bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı inzibati tənbeh vermə haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunacaq.