BAKI, 20 may. TELEQRAF

İnzibati xəta haqqında protokolun tərtibində yeni qaydalar müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.

İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur.

Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir.

Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:

- protokolun tərtib edildiyi tarix, vaxt və yer;

- protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);

- inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;

- inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

- olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları;

- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi izahatları; şəxsin nümayəndəsinin

- inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;

- inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər;

- inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.6. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da göstərilir:

- nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı;

- törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi;

- sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığı halda, kənarlaşdırılma səbəbi.

Səlahiyyətli orqanların informasiya sistemlərində elektron protokolun tərtib edilmə qaydası, habelə həmin protokolda göstərilən məlumatlar bu Məcəllənin 127-3-cü maddəsi ilə müəyyən ediləcək. Protokolun, o cümlədən elektron protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Həmçinin inzibati xətalar haqqında işlərə baxılma qaydaları müəyyənləşir.

Layihəyə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477- 1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır.

Məcəllənin 127-3.1-ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində "Elektron imza və elektron sənəd haqqında" qanun ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq "İCMAL" informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilən inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir:

protokolun tərtib edildiyi tarix və vaxt;

inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;

inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar:

barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs haqqında (soyadı, adı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) və hüquqi şəxs haqqında (adı, VÖEN-i, hüquqi və faktiki ünvanları) məlumatlar;

inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği;

bu Məcəllənin 127-3.6-cı və 127-3.7-ci maddələrinin izahı.

Dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakılar göstərilir:

qərarın çıxarıldığı tarix və vaxt;

inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;

inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar;

barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi);

inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar;

inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq şikayətin verilməsi qaydası və müddəti.

Dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda barəsində inzibati icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır.

Barəsində bu Məcəllənin 127- 3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab ediləcək.

Barəsində bu Məcəllənin 127- 3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndəriləcək.

Bu Məcəllənin 127-3.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol tərtib edildikdə və yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunacaq.

Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-1- ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödəyə biləcəklər.