BAKI, 20 may. TELEQRAF
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması qaydası müəyyənləşir.
Teleqraf xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə olunur.
Layihəyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir;
- səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
- İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları "İCMAL" informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir.
- Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və "İCMAL" informasiya sisteminə göndərilir.
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar nömrələnmiş blankda tərtib edildikdə, həmin sənədlərin kağız daşıyıcıda surəti onlara yerində verilir (iş materialları və bu Məcəllədə nəzərdə tutulan hüquqları barədə məlumatlarla tanış ola biləcəyi internet ünvanı şəxsə bildirilir). Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokollar və elektron qərarlar barədə məlumatlandırılması, olduğu halda onların mobil telefon nömrəsinə bu barədə SMS məlumatı göndərilməklə və ya bu Məcəllənin 57-1.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.