BAKI, 20 may. TELEQRAF
İnzibati xətalarla bağlı qərarlar elektron sistemlər vasitəsilə rəsmiləşdiriləcək.
Teleqraf xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Bununla əlaqədar qanunvericiliyə yeni maddə əlavə olunur.
Layihəyə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad "Elektron prokurorluq" informasiya sistemi vasitəsilə elektron sənəd formasında tərtib olunacaq. Sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərar (qərardad) təsdiq edilməmişdən əvvəl "İcmal" informasiya sisteminə ötürüləcək.
"İcmal" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş qərar (qərardad) "Elektron prokurorluq" informasiya sisteminə ötürüldükdən sonra müvafiq səlahiyyətli əməkdaşın gücləndirilmiş elektron imzası ilə dərhal təsdiqlənəcək.
Bundan başqa, digər dəyişikliyə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2- ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) "Elektron prokurorluq" informasiya sistemi vasitəsilə göndəriləcək.
Qüvvədə olan qanunvericiliyə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2- ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.