BAKI, 25 aprel. TELEQRAF

Azərbaycanda həkimlik və əczaçılıq fəaliyyəti üçün yeni tələblər müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu, aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Qüvvədə olan qanunda isə fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul olurdular.