BAKI, 19 noyabr. TELEQRAF

Yüzdən çox vətəndaşa ümumilikdə 3 milyon manatdan artiq dələduzluq etməkdə təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri - Orxan Əliyev, Ramin Nağdəliyev, Natiq Şahmuradov, Qalib Bayramov, Bəxtiyar Məhərrəmov, Ədib Kazimov, Valeh Rustəmov, İlqar Məmmədovun cinayət işinin məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən İlqar Məmmədovun vəkili müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlar əsassız və qərəzlidir. Onun sözlərinə görə, zərərçəkmiş Aygün Nəbiyevanın məhkəmədə dindirilməsi mümkün olmayıb: "Məhkəmədə onun dindirilməsi üçün vəsatətlər versək də, məhkəmə bunu təmin edə bilməyib. Buna görə də onun zərərçəkmiş qismində tanınmasına xitam verilməlidir. Həmçin müvəkkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm".

Sonra digər təqsirləndirilən Qabil Bayramovun vəkili çıxış edərək, müvəkkilinin səhhətində problemlər olduğunu deyib. O, Qabil Bayramovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Bəxtiyar Məhərrəmov, Ədib Kazimov, Natiq Şahmuradov, Valeh Rustəmov, Oqtay Zərbəliyev, Ramin Nağdəliyev və Orxan Əliyevin vəkilləri müdafiə çıxışı ediblər.

Vəkillərin bəziləri müvəkkillərinə bəraət, bəziləri isə onlara yüngül cəzaların verilməsini xahiş ediblər.

Həmçinin təqsirləndirilən şəxslərin müdafiəçiləri zərərçəkmiş şəxslər tərəfindən verilən mülki iddiaların təmin olunmamasını istəyiblər.

Növbəti proses dekabrın 2-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Oktay zərbeliyevin 9 il 6, ay, Orxan Əliyevin 9 il,Ramin Nağdəliyevin 9 il 6 ay, Natiq Şahmuradovun 8 il,Qalib Bayramovun 7 il, Bəxtiyar Məhərrəmovun 7 il, Ədib Kazimovun 9 il 6 ay, Valeh Rustəmovun 8 il 6 ay, İlqar Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində zərərçəkən şəxslərin ümumilikdə 3 600 000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Təqsirləndirilənlər barədə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə )maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilənlərdən Qalib Bayramov və Bəxtiyar Məhərrəmov barədə həbs olmayan qətimkan tədbiri, digərləri barədə isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev bundan əvvəl də müahikimə edilib və 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.