BAKI, 7 oktyabr. TELEQRAF
Ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqəda məsuliyyətə cəlb olunan “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Bəhruz Paşayev sərbəst ifadə verib. Bildirib ki, zərərçəkmiş və onların hüquqi varisləridən üzr istəyir, bağışlanmasını xahiş edir.
Təqsirləndirilən şəxs deyib ki, obyekt Vüqar Abbasova məxsus olub: "Obyekti mən icarəyə götürmüşəm, 25 min manat icarəhaqqı ödəyirdim. Hər ay Vüqar müəllim və ya oğlu icarəhaqqını məndən götürürdü. Elektirik xətlərinin alınması və qoşulmasını özüm həll etmişəm. Aparatlar saz vəziyyətdə olub. Amma enerji blokunun belə fəsadları olacağını bilməmişəm".
Bəhruz Paşayevin sözlərinə görə, hadisə baş verən günü Sumqayıt şəhərində evindəymiş, yanğın xəbərini ona çatdırıblar: "Özüm də ora gəldim, həyəcanlı idim. Hər kəsə kömək etdim".
Təqsirləndirilən şəxs deyib ki, obyektdə elektirik xətlərinin dəyişdirilməsindən Vüqar Abbasovun xəbəri olmayıb, həmin dövrdə Vüqar Abbasov xaricdə imiş: "Bizim binada maşın parkı da vardı. Ora elektrkli maşınlar üçün enerji bloku quraşdırmaq lazım idi. İnstaqramda səhifə gördüm, müraciət etdim, gəlib baxdılar. Gördük ki, alınır.
Qoşulmamışdan öncə rəsmən "Azərişıq"a müraciət etmədik. Bu barədə heç kim mənə məsləhət vermədi. Şirkət dedi ki, sadəcə elektrikin gücünü göstərən sənəd lazımdır. Mən də göstərdim, qoşduq. Sonra onun fəsadları nəticəsində hadisə baş verdi".
Bəhruz Paşayevin sözlərinə görə, hadisədən əvvəl bina sakinləri ilə heç bir mübahisəsi olmayıb.
Mərhum Könül Vəlibəyovanın anası təqsirləndirilən şəxsi ittiham edib, bildirib ki, qızını təqsirləndirilən şəxs öldürüb.
Hadisə zamanı vəfat edən azyaşlı Arzu Qəmbərlinin atası Əli Qəmbərov təqsirləndirilənlərə həqiqəti danışmağı məsləhət bilib. Deyib ki, ona verilən vədlərin sonu yoxdur, nəticəsi olmayacaq.
Həmçinin Əli Qəmbərov iş üzrə zərərçəkmiş Vüqar Abbasovun ifadələrində ziddiyyət olduğunu bildirib. Qeyd edib ki, onun məhkəmədə dindirilməsi təmin olunmalıdır. Hakim həmin şəxsin zərərçəkmiş kimi tanındığını, çağırılaraq dindiriləcəyini söyləyib.
Əli Qəmbərovun suallarını cavablandıran təqsirləndirilən şəxsin sözlərinə görə, klinikanın yanında olan restoranın icarədarı Asif Kərimov da icarəhaqqını ona verib: "Mən də icarəhaqlarını toplayaraq Vüqar Abbasova çatdırırdım".
Hadisə zamanı vəfat edən Könül Vəlibəyovanın atası onlara yardım edilmədiyini bildirib: "Təqsirləndirilən seyir ki, yardım edib, amma olmayıb. Qızımı itirmişəm, nəvəm Türkiyədə müalicə alır. Əməliyyata 200 min dollar pul xərclənib. Üçüncü əməliyyata 60 min dollar lazımdır. 25 min dolları güc-bəla ilə, vasitəçi ilə ondan almışam. Xəstəxananın 1 günü 1000 dolllaradır. Pensiyaçı adamam, haradan alım pulu?!"
Növbəti proses noyabr 4-də davam edəcək.
İttihama görə, "Taxes Group" MMC-nin direktoru və "Loft Dent" klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yangın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, "iVolt" brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib.
Qeyd edək ki, ötən ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub.
Bundan başqa, digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.