ŞUŞA, 21 iyul. TELEQRAF
"Jurnalistlər süni intellektdən istifadə edərkən etik prinsipləri nəzərə almalıdır".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Euronews” televiziya kanalının baş icraçı direktoru Klaus Ştrunts “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusuna həsr olunan tədbirdə deyib.
O, çıxış zamanı süni intellektin insanların gündəlik həyatına və müxtəlif peşə sahələrinə göstərdiyi təsirdən danışıb.
Ştrunts gələcəkdə süni intellektin təsir dairəsinin daha da genişlənəcəyi üçün insanların süni intellektdən düzgün və məsuliyyətli şəkildə istifadə etməyi öyrənməli olduğunu vurğulayıb.
Ştruns qeyd edib ki, jurnalistika sahəsində də süni intellekt artıq mühüm rol oynamağa başlayıb: "Bu texnologiya informasiya axınının sürətini və miqyasını artırmaqla yanaşı, informasiyanın keyfiyyəti və etibarlılığı məsələsini də gündəmə gətirir. Məhz buna görə jurnalistlər və media qurumları süni intellekt alətlərindən istifadə edərkən etik prinsipləri və peşə standartlarını mütləq şəkildə nəzərə almalıdırlar".