BAKI, 3 noyabr. TELEQRAF
"Bizi "Sabah"a qarşı maraqlı və gərgin oyun gözləyir. Favorit bizik. İnanırıq ki, 3 xal bizim olacaq".
Teleqraf xəbər verir ki, bunu Norveçin "Vikinq" komandasının baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının IV turunda "Sabah"a qarşı oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis “Bodo-Qlimt”lə son matçda baş verən məşqçilər arasındakı mübahisənin komandanın hazırlığına təsir etmədiyini bildirib:
“Biz demək olar ki, normal qaydada hazırlaşa bildik. Komanda daxilində və futbolçularla münasibətlərdə hər şey əvvəlki kimi idi. Həmişəki hazırlıq prosesimizi həyata keçirdik. Növbəti oyuna köklənmək baxımından yaxşı komandayıq. Bu hadisə bizə heç bir şəkildə mane olmadı. Öz meydanımızda oynayacağıq. Kollektivdə ab-hava yüksək səviyyədədir. Zədəli oyunçularımız sıraya dönməkdədirlər. İnanırıq ki, "Sabah"la görüşdə 3 xal bizim olacaq".
Byarte Lunde Aarsheym "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas barədə də fikir bildirib:
"Valdas Dambrauskasın qeyri-adi həyat hekayəsi var. O, daha əvvəl verlişlərin birində əldə etdiyi pulu məşqçilik təhsilinə xərcləyib və bu yolla irəliləyib. Həqiqətən bu çox maraqlı bir hadisədir".
Qeyd edək ki, “Vikinq” noyabrın 4-də Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Sabah”ı qəbul edəcək. Norveç təmsilçisi turnirdə keçirdiyi üç oyundan cəmi bir xal toplayıb. “Sabah” isə bir qələbə və iki məğlubiyyətlə üç xala malikdir.