BAKI, 3 noyabr. TELEQRAF
"Avropa İttifaqının iki aparıcı dövləti – Fransa və Almaniya eyni gündə kütləvi etiraz aksiyaları ilə üz-üzə qalıb. Məktəblilər, tələbələr, həmkarlar ittifaqları və “sarı jiletlilər” hərəkatının tərəfdarları küçələrə çıxaraq təhsil, sosial siyasət və yaşayış səviyyəsi ilə bağlı ciddi tələblər irəli sürüblər. Bu hadisələri lokal xarakterli proses kimi qiymətləndirmək düzgün olmazdı. Son həftələrdə İtaliya və Belçikada da müşahidə olunan gənclər aksiyaları ilə birlikdə onlar Avropanın sosial modelində uzun müddət ərzində toplanmış problemlərin açıq təzahürüdür".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Fransada oktyabrın 17-si və 24-dən sonra kütləvi etirazların artıq üçüncü şənbəsi keçirilib: "Rəsmi və alternativ rəqəmlər arasındakı fərqə baxmayaraq, üç həftə ərzində yüz minlərlə vətəndaşın eyni tələblərlə küçəyə çıxması narazılığın keçici deyil, sistemli xarakter daşıdığını göstərir. Nazirlik iştirakçıların sayının əvvəlki həftələrlə müqayisədə azaldığını vurğulasa da, lisey və universitet təşkilatları təhsil müəssisələrində gərginliyin hələ də davam etdiyini təsdiqləyir.
Fransa hakimiyyəti etirazlara cavab olaraq geniş miqyaslı təhlükəsizlik tədbirlərinə üstünlük verib. Asayişin qorunmasına "RAID" xüsusi təyinatlı bölməsi və "GIGN" jandarmeriya qrupu da daxil olmaqla 70 min hüquq-mühafizə əməkdaşı cəlb edilib. Lionda gözyaşardıcı qazdan istifadə olunub, Parisdə isə bir jandarm “Molotov kokteyli” ilə yaralanıb. Daxili İşlər Nazirliyinin yekun məlumatına əsasən, ölkə üzrə 779 nəfər saxlanılıb, 116 hüquq-mühafizə əməkdaşı xəsarət alıb. Əsas iştirakçıları məktəblilər və tələbələr olan aksiyalara bu miqyasda güc strukturlarının cəlb edilməsi dövlətlə gənc nəsil arasında dialoq mexanizmlərinin zəiflədiyini nümayiş etdirir.
Etirazçıların tələbləri konkret xarakter daşıyır. Məktəblilər müəllim çatışmazlığı, təhsil müəssisələrinin binalarının köhnəlməsi və dərs yükünün həddən artıq çox olması ilə bağlı narazılıqlarını ifadə edir, ali məktəblərə qəbul platforması olan Parcoursup-un ləğvini və ya köklü islahatını, təhsil sahəsinə 10 milyard avro həcmində sərmayə yatırılmasını tələb edirlər. Bununla yanaşı, yaşayış xərclərinin artması və sosial bərabərsizliyin dərinləşməsi də etirazların əsas səbəbləri sırasındadır. Dövlət qulluqçularının da aksiyalara qoşulması problemin yalnız gənclərlə məhdudlaşmadığını göstərir.
Qeyd etmək lazımdır ki, Fransanın Baş naziri Sebastyen Lekornu oktyabrın 26-da lisey təşkilatlarının nümayəndələri ilə görüşərək bir sıra güzəştlər açıqlayıb. Bunlar sırasında Parcoursup platformasının 2028-ci ildə yeni sistemlə əvəzlənməsi, liseyin ilk siniflərində şagird sayının 28 nəfərlə məhdudlaşdırılması, 920 müəllimin işə qəbulu və 2027-ci il büdcəsində nəzərdə tutulmuş 800 iş yerinin ixtisarından imtina yer alıb. Lakin bu addımlar gərginliyi aradan qaldırmayıb. Bir neçə il sonraya hesablanmış vədlər real ehtiyacların miqyasına uyğun gəlmir, cəmiyyət isə artıq bəyanatlara deyil, konkret nəticələr gözləyir".
Deputat qeyd edib ki, Fransa hakimiyyəti gərginliyin artmasında məsuliyyətin bir hissəsini ifrat solçu “Boyun əyməyən Fransa” partiyasının üzərinə qoyur: "Siyasi qüvvələrin sosial narazılıqdan öz məqsədləri üçün istifadə etməyə çalışması istisna edilmir. Bununla belə, yüz minlərlə vətəndaşın etirazını yalnız müxalifət partiyasının təsiri ilə izah etmək problemin əsl səbəblərinin təhlilindən yayınmaq deməkdir.
Fransada yaranmış vəziyyət Prezident Emmanuel Makronun yarıtmaz idarəçiliyinin nəticəsi kimi qiymətləndirilməlidir. 2018-ci ildə “sarı jiletlilər” hərəkatı ilə başlayan sosial etirazlar dövrü, 2023-cü ildə pensiya islahatının parlamentdə səsverməyə çıxarılmadan qəbul edilməsi, son illərdə hökumət başçılarının tez-tez dəyişməsi və büdcə kəsirinin artması eyni tendensiyanın müxtəlif mərhələləridir. Qərarlar cəmiyyətlə geniş müzakirə aparılmadan qəbul olunur, vətəndaşların mövqeyi isə artıq küçə etirazları vasitəsilə ifadə edilir. Bu gün “sarı jiletlilər”in yenidən gənclərlə birlikdə aksiyalara qoşulması həmin problemlərin həllini tapmadığını göstərir".
"Almaniyada isə etirazların təşəbbüskarı bir neçə həftə əvvəl formalaşmış “Gen Z regelt” gənclər hərəkatı olub. Aksiyalar ölkənin 34 şəhərini əhatə edib. Təşkilatçıların məlumatına görə, 160 mindən çox gənc etirazlarda iştirak edəcəyini bəyan edib. Hərəkatın dinc etiraz çağırışlarına baxmayaraq, aksiyalar insidentsiz ötüşməyib. Hamburqda barrikadalar yandırılıb, polis su şırnaqlı maşınları cəlb edib.
Alman məktəbliləri və tələbələri yüksək yaşayış xərclərinə, məktəb və universitetlərin kifayət qədər maliyyələşdirilməməsinə, iqlim problemlərinə və məcburi hərbi xidmətin bərpası ehtimalına qarşı çıxış edirlər. Hərəkatın Federal Kansler Fridrix Mertsə ünvanladığı açıq məktubda hökumət siyasətinin gənc nəslin gələcəyini təhlükə altına qoyduğu vurğulanır. Bu tələblər arasında məcburi hərbi xidmət məsələsi xüsusi diqqət çəkir. Müdafiə xərclərinin artırıldığı bir dövrdə sosial sahələrdə ixtisarların aparılması gənclər tərəfindən prioritetlərin yanlış müəyyənləşdirilməsi kimi qəbul edilir. Berlin Azad Universitetinin tələbələrinin silahlanma və sosial ixtisarlar əleyhinə aksiya keçirməsi də bunu təsdiqləyir.
Diqqətçəkən məqamdır ki, Almaniya hakimiyyəti də Fransa ilə oxşar mövqe nümayiş etdirib. Federal daxili işlər naziri Aleksandr Dobrindt etirazların sol radikal qruplar tərəfindən ələ keçirilə biləcəyi barədə xəbərdarlıq edib. Narazılığın səbəblərini təhlil etmək əvəzinə, onu ekstremizm prizmasından təqdim etmək Avropa siyasi elitası üçün ümumi yanaşmaya çevrilir", deyə, Sevinc Fətəliyeva vurğulayıb.
Onun fikrincə, Fransa və Almaniyada baş verən hadisələr daha geniş Avropa kontekstində nəzərdən keçirilməlidir: "Qitədə sosial problemlər dərinləşir, hökumətlər isə əksər hallarda vədlərlə kifayətlənir və sistemli həll yolları təklif etməkdə çətinlik çəkir. Enerji böhranının iqtisadiyyata və ev təsərrüfatlarının büdcəsinə təsiri hələ də hiss olunur, miqrasiya siyasəti cəmiyyətlərdə qütbləşməni dərinləşdirir, mənzil və təhsilin əlçatanlığı ilə bağlı problemlər kəskinləşir. Bu fonda Avropa gəncliyinin siyasi institutlara etimadı zəifləyir. “Gen Z regelt” təşkilatçılarının etirazçıların böyük əksəriyyətinin əvvəllər siyasi fəallıq göstərmədiyini bildirməsi bu tendensiyanın aydın göstəricisidir.
Bu etirazların mühüm xüsusiyyətlərindən biri onların təşkilati formasıdır. Mərkəzləşmiş rəhbərliyi olmayan, sosial şəbəkələr vasitəsilə qısa müddətdə geniş kütləni səfərbər edən hərəkatlar ənənəvi siyasi partiyalar və həmkarlar ittifaqları üçün yeni çağırış yaradır. Rəqəmsal mühitdə formalaşan narazılıq sürətlə küçə etirazlarına çevrilir, hökumətlər isə bu dinamikaya adekvat cavab vermək üçün lazımi mexanizmlərə hələ malik deyil.
Diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, digər ölkələrə demokratiya, insan hüquqları və sosial ədalət mövzularında tez-tez tövsiyələr verən Avropa paytaxtları bu gün öz cəmiyyətlərinin narahatlıqlarına cavab tapmaqda çətinlik çəkir. Başqalarına münasibətdə ikili standartlar nümayiş etdirən siyasi dairələrin ilk növbədə öz daxili problemlərinin həllinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.
Fransa və Almaniyada baş verənlər göstərir ki, sosial müqavilənin aşınması inkişaf etmiş dövlətlərdən də yan keçmir. Bu prosesi nə güc strukturlarının sayının artırılması, nə də uzunmüddətli perspektivə hesablanmış vədlər vasitəsilə dayandırmaq mümkün deyil. Gənc nəslin tələbləri real siyasi addımlarla cavablandırılmadığı təqdirdə, Avropada sosial gərginliyin davam edəcəyi qaçılmazdır.