BAKI, 16 oktyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında anklav və eksklavlarla bağlı heç bir razılaşma yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Qurumun rəhbəri qeyd edib ki, tərəflər məsələnin ərazi mübadiləsi yolu ilə həllini müzakirə edirlər: “Belə bir həll yolu mümkündür”.
Simonyan əlavə edib ki, Kərkinin Başkəndlə “dəyişdirilməsi” müzakirə olunsa da, Başkənd Ermənistan ərazisində yerləşən və sovet dövründən qalmış Azərbaycanın bütün eksklavlarının ümumi sahəsindən kiçikdir.
Söhbət Ermənistanın Azərbaycana qaytarmalı olduğu Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir. Ermənistan isə Gədəbəy rayonu ərazisində yerləşən Başkəndə iddia edir.
Tarixi Azərbaycan ərazisi olan Başkənd 1920-ci illərdə SSRİ rəhbərliyi tərəfindən qanunsuz olaraq Ermənistana verilmişdi. Bundan sonra Ermənistan qəsəbənin tarixini adını dəyişdirərək “Artsvaşen” qoyub. Əvvəlki illərdə azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqəsinə tədricən ermənilər köçürülüb. 1992-ci ilin 6-8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazidə Azərbaycanın nəzarəti bərpa olunub.