BAKI, 16 oktyabr. TELEQRAF

Bir müddət öncə Türkiyədə fəaliyyət göstərən dəyərli alimlərimizdən Ali Asker bəy azərbaycanlı mühacir Hüseyn Baykaraya dair bir sıra qiymətli fotoşəkilləri bizimlə bölüşdü. Fotoların bəzilərində Sovet Azərbaycanının ilk illərində Bakıda yaşamış məşhur türk alimi İsmayıl Hikmət Ertaylan da vardı. Ankarada tələbələrlə çəkilmiş digər bir fotoşəkildə də tanınmış bir müəllim sima görünürdü: Kazan tatarlarından Sədri Məqsudi Arsal.

Sorbonna məzunu

Sədri Məqsudi Arsal 1880-ci ildə Rusiyada, Kazan yaxınlığındakı Taşsu kəndində doğulub. Atası kənd imamı Nizaməddin Məqsudi idi. İlk təhsilini Kazandakı Allamiye mədrəsəsində alıb, burada ərəb dilini və dini elmləri öyrənib. 1895-ci ildə Krıma gedərək böyük qardaşı Əhməd Hadi Məqsudinin müəllim işlədiyi Bağçasaraydakı Zincirli mədrəsəsində rus dilini öyrənib. Onun fikir dünyasının formalaşmasında həmin illərdə tanış olduğu İsmayıl bəy Qaspıralının da mühüm yeri vardı.

Arsal 1897-ci ildə rus müəllimlər məktəbinə daxil olub. Burada Ayaz İshaqi ilə yaxın dostluq qurub. Beləliklə, gələcəkdə Rusiya türklərinin milli hərəkatında iştirak edəcək iki şəxs arasında gənclik illərindən əlaqə yaranıb. Müəllimlər məktəbini bitirdikdən sonra ali təhsil almaq üçün Parisə gedən Məqsudi hüquq fakültəsinə daxil olub və 1906-cı ildə təhsilini başa vurub. Parisdə tələbə olduğu illərdə Yusuf Akçura və Yəhya Kamal ilə tanış olub. Bununla yanaşı, yalnız hüquq elmləri ilə kifayətlənməyib, Ədəbiyyat fakültəsində, College de France-də tarix və sosiologiya üzrə mühazirələri dinləyib, müxtəlif elmi konfranslarda iştirak edib.

Məqsudinin Rusiyaya qayıtdığı dövrdə imperiyada 1905-ci il inqilabından sonra siyasi şərait dəyişmiş, çar hökuməti məhdud konstitusiyalı idarəçilik qurmağa məcbur olmuşdu. Dövlət Dumasının çağırılması Rusiya imperiyasında yaşayan xalqlar üçün siyasi tələblərini parlament vasitəsilə ifadə etmək imkanı yaratmışdı. Kazandan deputat seçilən Sədri Məqsudi ikinci və üçüncü Dövlət Dumalarında fəaliyyət göstərib. Onun Dumadakı fəaliyyətinin əsas istiqamətlərindən biri ruslaşdırma siyasətinə qarşı çıxmaq və milli mədəniyyətin qorunması olub.

Mühacirətə doğru

1917-ci il Rusiya inqilabından sonra Sədri Məqsudinin fəaliyyətində yeni mərhələ başlayıb. Kazan bölgəsində yaradılan muxtar türk siyasi qurumunda həm Millət Məclisinin, həm də Milli İdarənin sədri seçilib. Bu vəzifələr onun İdil-Ural bölgəsində milli idarəçiliyin formalaşdırılmasında mühüm rol oynadığını göstərir. Lakin bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirməsi ilə bu siyasi fəaliyyətin davam etdirilməsi mümkün olmayıb. Məqsudi əvvəlcə Finlandiyaya, oradan isə Parisə gedib. Beləliklə, onun həyatında mühacirət dövrü başlayıb.

Parisdə olduğu illərdə Məqsudi siyasi fəaliyyətini elmi araşdırmalarla birləşdirib. Sorbonna Universitetinə bağlı Slavyan Xalqları Araşdırma İnstitutunda türk-tatar xalqlarının və Orta Asiyanın tarixindən dərslər deyib, “Journal Asiatique” dərgisində elmi məqalələr dərc etdirib.

1925-ci ildə Türkiyənin maarif naziri Həmdullah Suphi Tanrıöverin dəvəti ilə bu ölkəyə gəlib. Əvvəlcə Təlif və Tərcümə Heyətinin üzvü təyin edilib, daha sonra Ankarada yeni yaradılmış Ədliyyə Hüquq Məktəbində professor kimi fəaliyyətə başlayıb. Həmin məktəb sonradan Hüquq fakültəsinə çevrilib. Məqsudi burada uzun illər ümumi hüquq tarixi, türk hüquq tarixi və hüquq fəlsəfəsi fənlərindən dərs deyib. Eyni zamanda Türk Ocaqları Hars Heyətinin üzvü olub.

Məqsudinin Türkiyədəki fəaliyyətinin diqqətəlayiq məqamlarından biri Türk Tarix Qurumunun yaranması ilə bağlı müzakirələrdə iştirakıdır. 1930-cu ildə Türk Ocaqlarının qurultayında tarixlə ayrıca məşğul olacaq bir tarix heyətinin və ya tarix akademiyasının yaradılmasının zəruriliyi barədə çıxış edib. Afət İnanın da bu fikri dəstəkləməsindən sonra həmin təşəbbüs Türk Tarix Qurumunun əsaslarının formalaşmasına təsir göstərib.

Sədri Məqsudinin Türkiyədəki fəaliyyəti elmi işlərlə yanaşı, siyasi vəzifələri də əhatə edib. 1930–1934-cü illərdə Şebinkarahisar, 1934–1938-ci illərdə isə Giresun millət vəkili olub. 1939-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində tarix professoru təyin edilib. 1941-ci ildə Ankara Universitetinin Hüquq fakültəsində hüquq tarixi və hüquq fəlsəfəsi üzrə professor vəzifəsinə gətirilib. 1944-cü ildə yenidən İstanbul Universitetinə qayıdaraq Hüquq fakültəsində hüquq tarixi və hüquq fəlsəfəsi üzrə ordinarius professor olub. 1950-ci ildə Demokrat Partiyasından Ankara millət vəkili seçilib. 1954-cü ildən sonra isə yenidən elmi araşdırmalarına daha çox vaxt ayırıb. Sədri Məqsudi 20 fevral 1957-ci ildə İstanbulda vəfat edib.

Hüseyn Baykaranın müəllimi

Məhəmmədəmin Rəsulzadənin baş mühərrirliyi ilə İstanbulda çıxan “Odlu Yurt” jurnalının 19-cu sayında “Bu il məzun olanlar” başlıqlı xəbər verilib. Xəbərdə 1930-cu ildə Türkiyədə təhsil alan tələbələr haqqında qısa bilgi təqdim edilib: “Bu il azərbaycanlı gənclərdən Baykara Hüseyn bəy Ankara Hüquq Fakültəsindən, Rüstəmbəyli Şükrü, Tofiq Rahim bəylər İstanbul oğlan liseyindən və Zeynəlzadə Hakimə xanım İstanbul qız liseyindən məzun olublar. Məzunlardan Baykara bəy Diyarbəkir vilayəti Osmaniyyə qəzası prokurorluğuna təyin edilib. Şükrü bəy bu yaxınlarda təhsil üçün Avropaya gedəcək. Hakimə xanımın hökumət hesabına Avropaya göndəriləcəyi söylənməkdədir. Məzun vətəndaşlarımızı bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər diləyirik”.

Bu tələbələrdən Hüseyn Baykara (Azərbaycanda Qara Hüseynbəyli) 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində doğulub. Gənclik illərindən bolşeviklər əleyhinə mübarizəyə başlayıb, 1923-cü ilin sonlarında həbs edilib, Əhməd Cavadla məhbəs yoldaşı olub. 1927-ci ildə mühacirətə gedib. İstanbula gələn Qara Hüseynbəyli burada Hüseyn Baykara adı ilə yaşayıb. Ankara Universitetinin Hüquq Fakültəsini bitirib. Bir müddət Elazığda hakim işləyib, İstanbula döndükdən sonra burada prokuror vəzifəsində çalışıb. Atatürkün Elazığ səfərində onu görmək fürsətinə nail olub.

Hüseyn Baykaranın arxivindəki fotoşəkildən bəlli olur ki, Ankarada oxuduğu zaman ona dərs deyənlər arasında Sədri Məqsudi olub.

Əbdülvahab Yurdsevərin yazısı

Azərbaycanlı mühacir Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) Türkiyəyə gəldiyi zaman Ankara Universitetinə daxil olub, hüquq fakültəsini bitirib. Sədri Məqsudi Arsalın vəfatı ilə bağlı qələmə aldığı yazısında Əbdülvahab bəy ondan böyük mürşid kimi bəhs edib. Onun xatirəsi görkəmli tatar aliminin bioqrafiyası və xarakteristikası baxımından əhəmiyyətlidir.

Mühacirətdə Azərbaycan istiqlal mücadiləsinin görkəmli simalarından Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) 1898-ci ildə Bakıda doğulub. 1911-ci ildə III Aleksandr gimnaziyasına daxil olub, bu məktəbdə rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. Cümhuriyyət dövründə Əbdülvahab bəy “Azərbaycan” qəzetində bir sıra məqalələr qələmə alıb. İşğaldan sonra Yurdsevər Mirzəbala Məhəmmədzadənin sədri olduğu Müsavatın gizli komitəsinə daxil olub, lakin 1923-cü ildə həbs edilib, Şimali Qafqaza üçillik sürgünə göndərilib. 1926-cı ildə sürgündən qayıdan Əbdülvahab yenidən həbs edilib, 11 il məhkumluq cəzası verilərək Mərkəzi Rusiyaya göndərilib. Sürgündən İrana qaçıb, daha sonra Türkiyəyə gəlib. Bir müddət Almaniyada yaşayıb, M. Rəsulzadənin sadiq silahdaşına çevrilib.

Onun Sədri Məqsudi Arsal haqqındakı yazısını təqdim edirik:

“Liseyin son siniflərində oxuduğumuz və siyasətə maraq göstərməyə başladığımız zaman Peterburq Dövlət Dumasında Sədri Maqsudinin türk-islam xalqlarının milli və mülki hüquqlarını müdafiə etmək naminə söylədiyi gözəl nitqləri oxuyaraq vətənə, millətə sevginin parlaq nümunələrindən biri ilə tanış olur, gələcək fəaliyyətimiz üçün yeni bir ilham mənbəyi qazanırdıq.

Onu ilk dəfə 1940-cı ildə Ankara Hüquq fakültəsində müəllimimiz kimi görmək və verdiyi səmərəli dərslərdən faydalanmaq imkanımız oldu. Uzun və çətin illərin siyasi və ictimai fəaliyyəti, Sorbonna Universitetində aldığı mükəmməl hüquq təhsili və eyni universitetdə türk hüququ ilə bağlı apardığı dərslər, bütün bunlara geniş və dərin araşdırmalarını, yaşının gətirdiyi təcrübəni əlavə etdikdə tələbələr üzərində güclü təsir yaradan vüqarlı və sanballı bir şəxsiyyət meydana çıxırdı.

Sədri Maqsudi hər şeydən əvvəl son dərəcə güclü və təcrübəli metodu olan bir müəllim idi. Eyni zamanda, hüquqla bağlı bütün mövzular üzərində daim dərin araşdırmalar aparan, son dərəcə diqqətli bir alim idi. Onun şəxsi kitabxanasını görənlər Qərbdə və Şərqdə hüquq mövzusunda müxtəlif dillərdə nəşr edilmiş ən yeni və ən əhatəli əsərlərlə qarşılaşardılar. O da türk hüquq xəzinəsinə çox qiymətli əsərlər miras qoyub.

Xocamız Sədri Maqsudi yaşının xeyli irəliləməsinə baxmayaraq güclü yaddaşa və iti zəkaya sahib idi. Dərsə heç vaxt hazır qeydlərlə gəlməzdi. Dərs deyərkən həmişə ayaq üstə dayanır, müzakirə etdiyi mövzunu bütün incəlikləri ilə təhlil və şərh edərdi. Hüquqi anlayışları aydın və dəqiq şəkildə ifadə edərdi. Qələmə aldığı əsərlərdə də hüquqi baxımdan üslubu son dərəcə axıcı və aydın idi. Sədri Maqsudi dərs dediyi zaman möhtəşəm fakültə salonları onun heyranlıq doğuran mühazirələri ilə dolub-daşardı. Tələbə xocanın bir kəlməsini belə qaçırmaq istəməzdi. Çünki onun hər cümləsində, hər ifadəsində faydalanmağa dəyər yeni fikirlər yer alırdı. Tələbələr onun dərslərindən doymaq bilmirdilər.

İmtahanlarda Sədri Maqsudi çox sərt professor idi. Öyrətdiklərini tələbələrindən eynilə tələb edərdi. Çoxumuzu bir söz belə dinləmədən əlavə imtahana saxlayardı. Buna baxmayaraq, hər kəs Sədri Maqsudinin qərəzsizliyindən, dürüstlüyündən və həqiqi müəllim olmasından həmişə əmin idi. Buna görə də yenidən imtahan vermək üçün onun qarşısına çıxar, haqqımızda ədalətli qərar veriləcəyinə inanaraq öz qiymətimizi alardıq.

Sədri Maqsudinin Türkiyə Böyük Millət Məclisində və komissiyalarında irəli sürdüyü fikirlər, təkliflər və tənqidlər, eləcə də illər boyu göstərdiyi xidmətlər, şübhəsiz ki, bu ölkənin tarixində həmişə minnətdarlıqla xatırlanacaqdır. Lakin hər şeydən əvvəl yüksək mənəvi keyfiyyətlərə malik bir alim kimi, xüsusilə Ankara və İstanbul universitetlərindəki müəllimlik fəaliyyəti və qələmə aldığı əsərlərlə həyatımızda silinməz iz qoyub. Üstəlik, onun əxlaqi fəzilətləri də tələbələri və dostları üzərində dərin təsir buraxmışdı.

Sədri Maqsudi İdil-Ural milli istiqlal hərəkatının böyük rəhbəri mərhum Ayaz İshaqinin uşaqlıq dostu idi. Onların dostluğu və bir-birinə bağlılığı Ayaz İshaqinin ömrünün sonunadək davam etmişdi.

Eyni zamanda Sədri Maqsudi mərhum Məhəmmədəmin Rəsulzadənin ən yaxın dostlarından biri idi. Sədri bəy mərhum Əmin bəyi tez-tez Sakaryadakı müvəqqəti yaşayış evində ziyarət edərdi. Uzun bir dövrün canlı tarixini təcəssüm etdirən bu iki böyük şəxsiyyət İdil-Uraldan Türkiyəyədək bütün türk xalqlarını maraqlandıran siyasi, ədəbi və mədəni məsələləri müzakirə edər, həm keçmiş xatirələrini yenidən yada salar, həm də gəncliyə ilham verəcək bir çox yeni fikir və layihələr irəli sürərdilər. Aralarında tam qarşılıqlı anlaşma və ahəng hökm sürürdü.

Ayaz İshaqinin məzarı başında acı göz yaşları tökərək dediyi sözlər və İstanbulda mərhum Rəsulzadə üçün təşkil edilən anım mərasimlərində söylədiyi həyəcanlı nitqlər hələ də qulaqlarımızda səslənir.

Əfsuslar olsun ki, Ayaz bəydən və Əmin bəydən sonra indi də Sədri bəyin cənazəsini torpağa tapşırırıq. Təsəllimiz budur ki, digər iki dostu kimi o da uzun ömrü boyu çalışaraq, zəhmət çəkərək aramızdan ayrılarkən çox qiymətli əsərlər qoyub gedib. İnsanlar fanidir, əsərləri isə əbədidir. Biz də bu böyük əsərlərinə görə unudulmaz xocamıza minnətdarlığımızı bildirir, Uca Tanrıdan ona rəhmət və məğfirət diləyirik. Ruhu şad olsun”.