BAKI, 14 oktyabr. TELEQRAF
"Milli dəyərlərin qorunması, Azərbaycan ailə modelinin möhkəmləndirilməsi, dünyəvilik, milli təəssübkeşlik və vətənpərvərlik dövlətimizin ideoloji təhlükəsizliyinin əsas istiqamətlərindəndir. Cəmiyyətin, ailə institutunun və təhsil prosesinin yad ideoloji təsirlərdən, xüsusilə də dini eksperimentlərin təhsil mühitinə daşınmasından qorunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki məktəb yalnız bilik verən təhsil müəssisəsi deyil, həm də gələcək nəsillərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və milli kimliyinin formalaşdığı mühüm ictimai institutdur.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, məktəb dini eksperimentlərin aparıldığı yer yox, dünyəvi biliklərin, elmi düşüncənin, milli-mənəvi dəyərlərin və qarşılıqlı hörmət mədəniyyətinin aşılandığı məkan olmalıdır: "Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarının ölkə daxilində və xaricində bəzi dairələr tərəfindən dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim edilməsi məsələyə birtərəfli və yanlış yanaşmanın nümunəsidir. Halbuki məktəblərdə vahid geyim formasının tətbiqi, ilk növbədə, təhsil mühitində bərabərliyin təmin olunmasına, şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısının alınmasına, nizam-intizamın möhkəmləndirilməsinə və ümumi məktəb mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
Azərbaycan Konstitusiyası ölkəmizin dünyəvi dövlət olduğunu təsbit edir və dinin dövlətdən ayrı fəaliyyət göstərməsi prinsipini müəyyənləşdirir. Bu prinsip dini etiqad azadlığının inkarı deyil. Əksinə, dünyəvi dövlət modeli hər kəsin vicdan və etiqad azadlığına hörmətlə yanaşılmasını, eyni zamanda, dövlət təhsilinin dini təsirlərdən müstəqil saxlanılmasını nəzərdə tutur. Dövlət məktəbi hər hansı dini baxışın və ya ideoloji cərəyanın təsir dairəsinə çevrilməməli, bütün şagirdlər üçün bərabər, neytral və təhlükəsiz təhsil mühiti təmin etməlidir.
Vahid məktəb geyimi də məhz bu yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məktəb mühitində şagirdlərin geyim elementlərinə görə bir-birindən fərqləndirilməsi və müxtəlif dini, sosial və ideoloji qruplaşmaların ön plana çıxarılması təhsil prosesinin əsas məqsədlərinə kölgə salmamalıdır. Məktəbdə əsas meyar şagirdin hansı dini və ya sosial qrupa mənsub olması deyil, onun biliklərə yiyələnməsi, şəxsiyyət kimi inkişafı və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsidir.

Dini etiqad azadlığı qanunla qorunur və hər kəsin hüquqlarına hörmətlə yanaşılmalıdır. Bununla yanaşı, fərdi dini seçimlərlə dövlət təhsil müəssisələrində müəyyən edilmiş ümumi qaydaları bir-birinə qarşı qoymaq düzgün deyil. Ümumi təhsil müəssisələrində vahid geyim formasına dair tələblərin tətbiqi həmin təhsil mühitinin xüsusiyyətləri və qüvvədə olan qanunvericilik çərçivəsində qiymətləndirilməlidir. Dövlətin müəyyən etdiyi qaydalar fərdi etiqad azadlığının inkarı kimi deyil, ümumi təhsil məkanının vahid prinsiplər əsasında təşkilinə yönəlmiş tədbir kimi müzakirə olunmalıdır. Eyni zamanda, bu qaydaların tətbiqi zamanı qanunçuluq, mütənasiblik və insan hüquqlarına hörmət prinsipləri qorunmalıdır.
Təəssüf doğuran məqamlardan biri də Türkiyədə bəzi siyasi dairələrin nümayəndələrinin, o cümlədən Prezidentin baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlər və qərarın ləğvinə yönəlmiş çağırışlardır. Azərbaycan dövlətinin müstəqil qərarının bu cür sərt ritorika ilə müzakirəyə çıxarılması iki ölkə arasındakı münasibətlərin mahiyyətinə uyğun gəlmir. Dövlətlərin bir-birinin qərarları ilə bağlı fərqli mövqelər səsləndirməsi mümkündür. Lakin bu, qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanmalıdır.
Azərbaycan və Türkiyə iki qardaş dövlətdir. Ancaq qardaşlıq münasibətləri böyük və kiçik qardaş münasibətləri deyil, suverenliyə, bərabərliyə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləridir. Biz bir-birimizi ona görə qardaş adlandırırıq ki, ortaq tariximiz, mədəniyyətimiz, dil yaxınlığımız və sarsılmaz dostluq bağlarımız var. Bu qardaşlıq bir dövlətin digərinə göstəriş verməsi, onun daxili qərarlarına hökm etməsi və ya öz iradəsini qəbul etdirməsi üzərində qurula bilməz".
Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə təsbit olunmuş strateji müttəfiqlik səviyyəsinə yüksəlib: "Bu müttəfiqliyin əsasını qarşılıqlı etimad, suverenliyə hörmət, ortaq maraqlar və beynəlxalq öhdəliklər təşkil edir. Müttəfiqlik bir-birinin daxili işlərinə müdaxilə etmək hüququ vermir. Əksinə, belə münasibətlər hər iki dövlətin müstəqilliyinə və milli maraqlarına hörmət göstərilməsini tələb edir. Buna görə də mübahisəli məsələlərdə ittiham və təzyiq ritorikası deyil, qarşılıqlı anlaşma və diplomatik dialoq üstün tutulmalıdır.
Yeni Azərbaycan Partiyasının bu məsələ ilə bağlı bəyanatında da Azərbaycanın mövqeyinə aydınlıq gətirilib. Əsas prinsip ondan ibarətdir ki, Azərbaycan öz daxili siyasətini, o cümlədən təhsil sahəsindəki qərarlarını milli maraqlarına, Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə müəyyənləşdirir. Türkiyədəki dostlarımızdan da gözləntimiz bu reallığa anlayışla yanaşmaları, Azərbaycanın suveren qərarlarına hörmət etmələri və ikitərəfli münasibətlərdə bərabərhüquqluluq prinsipini əsas götürmələridir.
Milli dəyərlər məsələsinə gəldikdə isə Azərbaycan cəmiyyətinin tarixi-mədəni irsi, ailə ənənələri və qadın geyim mədəniyyəti xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadınının milli geyim ənənələrində kəlağayının özünəməxsus yeri var. Kəlağayı əsrlər boyu qadınlarımızın zövqünü, estetik dünyasını və mədəni kimliyini ifadə edən milli irs nümunəsi kimi yaşadılıb. Bu ənənə göstərir ki, milli-mənəvi dəyərlərimizi qorumaq üçün yad təsirlərə kor-koranə meyil göstərməyə ehtiyac yoxdur. Öz tariximizə, mədəniyyətimizə və milli kimliyimizə söykənərək müasir cəmiyyətin tələblərinə uyğun inkişaf edə bilərik.
Bununla belə, milli dəyərlərin qorunması fərdi seçimlərin inkarı və ya insanların geyiminə görə mühakimə olunması demək deyil. Əsas məsələ milli kimliyin, ailə institutunun və dünyəvi təhsil sisteminin hər hansı ideoloji təsir altında zəifləməsinə yol verməməkdir. Cəmiyyətin dini və ideoloji eksperimentlərin təsirindən qorunması da məhz hüquqi dövlət prinsipləri, sağlam ictimai müzakirə, keyfiyyətli təhsil və milli-mənəvi özünüdərk vasitəsilə həyata keçirilməlidir".
Azər Badamov bildirib ki, məktəb uşaqların dini və ideoloji qruplar arasında seçim etməyə yönəldildiyi məkan deyil: "Məktəb elmi biliklərin, tənqidi düşüncənin, vətəndaşlıq məsuliyyətinin, milli-mənəvi dəyərlərin və dünyəvi dünyagörüşünün formalaşdığı təhsil ocağıdır. Azərbaycan ailə modelinin möhkəmləndirilməsi, uşaqların sağlam düşüncəli və vətənpərvər ruhda yetişdirilməsi, milli kimliyin qorunması və dövlətin dünyəvi xarakterinin saxlanılması bu baxımdan bir-birini tamamlayan məqsədlərdir.
Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarına əsaslanan siyasət yürütmək hüququna malikdir. Bu siyasətə hörmət həm ölkə daxilində, həm də beynəlxalq münasibətlərdə əsas prinsip olmalıdır. Türkiyə ilə əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinin qorunması hər iki tərəfin məsuliyyətidir. Bu münasibətlərin möhkəmlənməsi üçün qarşılıqlı hörmət, bərabərlik, suverenliyə ehtiram və ortaq maraqlara sədaqət əsas götürülməlidir.
Milli dəyərlərimizə sahib çıxmaq, dünyəvi təhsil sistemimizi qorumaq və gələcək nəsilləri yad ideoloji təsirlərdən müdafiə etmək müstəqil dövlətçiliyimizin mühüm şərtlərindəndir. Məktəb dini eksperimentlərin deyil, bilik və tərbiyənin məkanıdır. Azərbaycan öz milli kimliyini, dünyəvi dövlətçilik ənənələrini və suveren qərarvermə hüququnu qorumaqla həm də gələcək nəsillərin sağlam düşüncəli, milli ruhlu və vətənpərvər vətəndaşlar kimi yetişməsinə xidmət edir.