BAKI, 14 oktyabr. TELEQRAF
Oktyabrın 12-dən erməni və türk jurnalistlərin iştirak etdiyi “Ermənistan-Türkiyə media turu”na start verilib.
Teleqraf xəbər verir ki, tur “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi” proqramı çərçivəsində təşkil olunub.
Proqram çərçivəsində erməni və türk jurnalistlər İstanbulun Ümraniyə rayonunda yerləşən Dudullu Sənaye Zonasına baş çəkiblər. Burada fəaliyyət göstərən şirkətin rəhbəri, iş adamı Bahri Murat Onay ilə görüşüblər.
Onay erməni jurnalistlərə açıqlamasında Ermənistan-Türkiyə münasibətlərinə və sərhədin mümkün açılmasına münasibət bildirib.
İş adamının sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açıldıqdan sonra iki ölkənin sənaye şirkətləri əməkdaşlıq edə bilərlər: “Amma ilk növbədə hər iki ölkənin potensialı, zəif və güclü tərəfləri araşdırılmalı və müəyyənləşdirilməlidir”.
Onay iki tərəf arasında uğurlu əməkdaşlığın qurula biləcəyini düşündüyünü deyib. Həmçinin Dudullu Sənaye Zonasındakı şirkətlərin Ermənistan şirkətləri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb:
“Bizim bu məsələdə heç bir məhdudiyyətimiz yoxdur. Yəni Ermənistanla sərhədlər açılsa, bizim üçün çox yaxşı əməkdaşlıq imkanları yarana bilər, çünki o, qonşumuzdur”.
Onay sərhədin açılmasının hökumətlərin üzərinə düşdüyünü qeyd edib. İş adamının fikrincə, xalqlar arasında problem yoxdur və sənayeçilər arasında da heç bir problem mövcud deyil.
“Ermənistan-Türkiyə sərhədinin bağlı qalması məntiqsizdir, onun açılması zəruridir. Hər iki xalqın əsrlərə söykənən əlaqələri var, buna görə də sərhədlər açılmalıdır”.