BAKI, 13 oktyabr. TELEQRAF

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla Fondun qarşıya qoyduğu məqsədləri, iştirakçısı olduğu layihələri, cari və perspektiv işləri ətrafında söhbət aparılıb.

Müsahibəni təqdim edirik:

- Rəhman müəllim, Qarabağ Dirçəliş Fondu fəaliyyətə başlayarkən qarşıya qoyulan ilkin hədəfləri və gözləntiləri bu gün gəlinən nəticələrlə müqayisə etsək, necə bir mənzərə yaranır? Keçən bu dövrü necə qiymətləndirirsiniz?

- Bu suala cavab vermək üçün öncə 2020-2021-ci illərin reallıqlarına nəzər salmalıyıq. 2021-ci ilin yanvarında Fond yarananda qarşımızda yeni və çox mühüm, müqəddəs bir missiya dururdu. O zaman əsas məqsəd Qarabağın bərpasına, dirçəlişinə tezliklə başlamaq idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Dirçəliş Fondunun yaradılması ilə bağlı 4 yanvar 2021-ci ildə imzaladığı fərman da təsdiqlədi ki, bu, uzunmüddətli və mürəkkəb bir missiyadır. Prezident imzaladığı fərmanla bizə sanki bu mesajı o zaman ötürmüş oldu.

Torpaqlar azad olunan andan etibarən orada çox böyük işlərə start verildi. Əvvəlcədən görülməli işlərin başlıcası və ən vacibi bu torpaqların minalardan təmizlənməsi idi. Çünki minalar olan yerdə nə bərpa, nə də quruculuq işlərini həyata keçirmək mümkün deyil. Ərazilər təmizlənəndən sonra orada müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi başladı, magistral yollar çəkildi. O zaman bəzi şəhərlərlə heç kommunikasiyamız da yox idi. Bəzi ərazilər isə hələ bizim tam nəzarətimizə keçməmişdi.

Məsələn, dövlətimiz çox mürəkkəb relyefli ərazidə Şuşaya yeni bir yol çəkməli oldu və bu, qısa zaman ərzində həyata keçirildi. Həmçinin növbəti mərhələdə aparılası işlər üçün vacib olan elektrik, qaz, su və digər bu kimi infrastruktur layihələri reallaşdırıldı.

Qarşıda bizi gözləyən işlərin görülməsi üçün dövlət büdcəsində kifayət qədər vəsait vardı. Cənab Prezident dəfələrlə qeyd etmişdi ki, biz bu işləri öz daxili resurslarımız hesabına həyata keçirə bilərik. Amma təkcə dövlət büdcəsinə yüklənmək düz olmazdı. Bu, bütün dünyada belədir, təkcə bizə xas xüsusiyyət deyil. Qarabağın dirçəlişi bütün xalqımızın, cəmiyyətimizin, dövlətimizin ümumi işidir. Dünya təcrübəsində də irimiqyaslı bərpa proqramlarında dövlətlə yanaşı cəmiyyətin iştirakı geniş yayılmış praktikadır. Aparılan işlərə töhfə vermək hər bir azərbaycanlının arzusu olduğundan belə bir platformaya ehtiyac duyulurdu. Bu ehtiyac fonunda “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs təsis edildi.

İlk mərhələdə Qarabağ Dirçəliş Fondunun qarşısında duran əsas məqsəd müəyyən bir kapital formalaşdırmaq idi. Qarabağ Dirçəliş Fondu dövlət büdcəsindən maliyyələşmir. Büdcədən yalnız bir dəfə aldığımız 1 milyon manatlıq vəsait də bizim nizamnamə fondumuzdur. Onu Prezidentin müvafiq fərmanı ilə almışıq. Hazırda sərəncamımızda olan aktivlərin ilkin və ən vacib hissəsi könüllü ianələrdən formalaşıb. Bu vəsaitlərdən müvafiq investisiyalar üçün istifadə nəticəsində isə investisiya (maliyyə) gəliri də əldə olunub.

Fondun ilk beşillikdə əsas prioritetlərindən biri kifayət qədər kapital bazası formalaşdırmaq, bu akkumulyasiyanı həyata keçirmək idi. Biz buna nail olmuşuq. Bu gün sərəncamımızda olan aktivlərin həcmi 2 milyard manatı keçib. Eyni zamanda sadəcə pul yığmaqla kifayətlənməmişik. Dövlətin prioritetlərinə uyğun olaraq hər hansı bir layihəyə, təşəbbüsə vəsait ayırırıqsa, bunu müvafiq dövlətin proqramları və həyata keçirdiyi layihələrlə koordinasiyalı şəkildə etməyə çalışırıq. Harada müəyyən ehtiyac duyulursa və müvafiq qurumlardan siqnal alırdıqsa, o istiqamətlərə müəyyən dəstəyi həyata keçirirdik.

Bu günə qədər Fondun dəstəklədiyi bütün layihələr təmənnasız qrant şəklində həyata keçirilib. Bu dəstəyin daxilində vəsaitin bir hissəsini dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq milli irsimizin bərpasına, mədəniyyət obyektlərinin yaradılmasına, ekoloji layihələrə yönəltmişik.

Amma bununla məhdudlaşmayacağıq. Çünki Fondun imkanları daha genişdir. Fond artıq yaxın gələcəkdə yeni sahələrə çıxacaq, o cümlədən sahibkarlığın inkişafına yönəlmiş müxtəlif tipli layihələri dəstəkləyəcək.

- Fond öz işini necə qurur və əsasən hansı mənbələr hesabına maliyyələşir?

- Qarabağ Dirçəliş Fondu yeni bir institutdur. Bu kimi qurumların yaradılması dövlət sektorunda yeni və daha çevik idarəetmə modellərini test etməyə stimul yaradır. Fond publik hüquqi şəxsdir, bu isə ona müəyyən dərəcədə müstəqillik verir. Fond Nizamnaməsinə uyğun olaraq öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini istifadə etməlidir. Bu prinsiplər qarşımızda ölkə rəhbərliyi tərəfindən qoyulan bir məqsəd və öhdəlikdir.

Bu yanaşmaya uyğun olaraq, Fondun idarə edilməsi iki səviyyədə icra olunur. Strateji rəhbərliyi nüfuzlu və müxtəlif sahələrdə peşəkar şəxslərin təmsil olunduğu Müşahidə Şurası həyata keçirir. Şuranın sədri iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovdur. Fondun təsisçisi, yəni dövlət başçısı və Müşahidə Şurası tərəfindən qarşıya qoyulan məqsədlərə çatmaq üçün İdarə Heyəti gündəlik, əməliyyat idarəetməni həyata keçirir.

Fondumuz klassik endaumenta (endowment) yaxın iş modelindən başladı, yəni Fondun formalaşmış müəyyən kapital bazası var, bu, ianələrdir. Biz o ianələrə toxunmuruq, həmin vəsait sadəcə əsas fundament rolunu oynayır. İxtiyarımızda olan kapitalı idarə etməklə, müxtəlif, riskli olmayan və likvid investisiya imkanlarına yatırmaqla əlavə dəyər qazanırıq. Həmin investisiya gəliri hesabına öz xərclərimizi və müxtəlif layihələri maliyyələşdirməyə imkan əldə edirik.

Fonda edilən ianələrin ümumi həcmi 1,9 milyard manat civarındadır. Hazırda sərəncamımızda olan aktivlərin həcmi isə 2 milyard manatı keçib.

2021-ci ildən bu günə qədər Fondun investisiya gəlirləri üzrə pul daxilolmaları 280 milyon manatı ötüb. Bu vəsaitin bir hissəsi layihələrin maliyyələşdirilməsinə və Fondun öz xərclərinə yönəldilib, bir hissəsi mənfəət vergisi kimi dövlət büdcəsinə ödənilib, qalan hissəsi isə kapitallaşdırılıb.

Beləliklə, Qarabağ Dirçəliş Fonduna ianə edilən hər bir manat daimi olaraq Qarabağ üçün işləyir. Təkcə bir dəfə sərf olunmur, çünki investisiya edilir, əlavə maliyyə gəlirləri qazandırır. Bu gəlir də Qarabağ üçün müxtəlif layihələrə yönəldilir. Əsas vəsaitimiz də müxtəlif istiqamətlər üçün istifadə olunacaq. Qarabağda müxtəlif investisiya tipli layihələrə yönəldəcəyik. Amma bu, yenə də klassik endaument modelindən uzağa getmir.

- Bəs bu modeldə dəyişiklik planlaşdırılırmı?

- Əlbəttə, vaxt ötdükcə, işğaldan azad edilmiş ərazilərdə aparılan işlər və ümumi prioritetlər və ən əsası, Fondun qarşısında duran vəzifələr dəyişdikcə, mövcud idarəetmədə müəyyən transformasiya baş verir, yeni investisiya və maliyyə dəstəyinin imkanları nəzərdən keçirilir. Məsələn, İqtisadiyyat Nazirliyi ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığı təşviq etmək üçün əlimizdəki vəsaitdən istifadə yollarını araşdırırıq. Çox güman bu istiqamət üzrə müəyyən pilot layihələr artıq yaxın gələcəkdə icra olunacaq.

Fikrimcə, Qarabağ Dirçəliş Fondu klassik endaument tipli fondun inkişaf maliyyə institutunun (development finance institution - DFI) hibridinə bənzəyəcək.

Klassik fondlar adətən qrantlar ayırırlarsa, inkişaf institutları kreditlərin dəstəklənməsi, investisiyalar və digər bu tipli fəaliyyətlə məşğul olurlar. Fond artıq sırf klassik modeldən belə bir hibrid institutuna transformasiya olunur. İnanıram ki, yaxın gələcəkdə Qarabağ Dirçəliş Fondunda "bir çətir altında" iki modelin hibridini görəcəyik. Belə bir institutun yaradılması bizim dövlətimizin nou-hausu (know-how) ola bilər, çünki irimiqyaslı bərpa və quruculuq işlərinin aparılmasında bu tipli fondların rolu olduqca vacibdir. Bəlkə də gələcəkdə Fondun keçdiyi inkişaf yolu digər ölkələr üçün də bir örnək rolunu oynaya bilər.

Onu da qeyd edim ki, biz Müşahidə Şurasının müəyyən etdiyi həcmdə qrantları da ayırmağa davam edəcəyik. Yəni müəyyən mədəni, ekoloji və müxtəlif humanitar layihələr bizim üçün prioritet olaraq qalacaq. Amma biz eyni zamanda iqtisadi inkişafa daha fəal dəstək göstərmək arzusundayıq. Bizim qarşımızda qoyulan məqsəd budur. Hazırda transformasiyanın keçid mərhələsindəyik. Ümid edirəm ki, növbəti müsahibədə bununla bağlı məlumat verəcəyik.

- Uzun illər jurnalistika sahəsində rəhbər vəzifələrdə çalışmısınız. Medianın idarə edilməsindən böyük bir Fondun idarə edilməsinə keçid sizin üçün hansısa çətinliklər gətirdimi?

- Əlavə enerji tələbatı yarandı. Onu da deyim ki, jurnalistikadan öncə 10 ilə yaxın maliyyə sahəsində çalışmışdım. Azərbaycanda dinamik inkişaf edən sığorta bazarında, ölkənin o zaman ən çevik və daha sonra ən böyük şirkətinə çevrilən MBASK Sığorta Şirkətində marketinq şöbəsinin sıravi işçisi kimi fəaliyyətə başladım. Sığorta bazarından ayrılanda isə artıq şirkətin İdarə Heyətinin üzvü idim. O zaman həmin sığorta şirkətinə ilk dəfə beynəlxalq institusional investor - Avropa Yenidənqurma və İnkişaf Bankını (EBRD) cəlb etdik. Bir neçə il həmin bankı şirkətdə təmsil edən məsləhətçi ilə işləmək çox faydalı oldu.

Daha sonra MBASK dünyanın ən böyük sığortaçısı olan AXA şirkəti tərəfindən satın alındı və adını AXA MBASK-a dəyişdi. Bu prosesdə iştirak etmək çox maraqlı təcrübə idi. Geriyə baxarkən görürəm ki, sığorta şirkətində demək olar ki, işləmədiyim sahə qalmamışdı. Bu təcrübəyə görə şirkətin təsisçisi Eldar Qəribova, İdarə Heyətinin sədri Cəmil Məlikova və bütün həmkarlarıma sonsuz minnətdaram.

Amma jurnalistikadan da xeyli şeylər əxz elədim. Çevikliyi, müxtəlif mövzuları analiz və müzakirə etməyi, proseslərin nəbzini tutmağı... Əlbəttə, tənqidi düşüncə (critical thinking) qabiliyyətimi daha da inkişaf etdirdim. Jurnalistika müxtəlif insanlara çıxışları da açır. Daha geniş çevrə ilə münasibətdə olursan, daha çox insandan nəyisə öyrənməyə nail olursan.

Yəqin ki, sığorta sahəsindəki təcrübəm, jurnalistikada əldə etdiyim müəyyən keyfiyyətlər yeni bir mərhələ üçün baza yaratmışdı. Başa düşürdüm ki, öz üzərində daim işləməlisən, heç vaxt dayanmalı deyilsən. Ona görə jurnalistikada fəaliyyətimin son illərində akademik təhsilimi də gücləndirmək qərarına gəldim. Dünyanın ən qabaqcıl, aparıcı biznes universitetlərindən birində, IE Business School-da biznesin idarə edilməsi üzrə magistr pilləsinə (Global Executive MBA) nail oldum. Yəqin ki, bu müxtəlif komponentlər - jurnalistika, sığorta və akademik inkişaf yeni sahədə fəaliyyətimə böyük, ciddi bir çətinlik çəkmədən başlamağıma imkan yaratdı.

Fondda komandamızın dəstəyi, həmçinin başda sədr, hörmətli Mikayıl Cabbarov olmaqla Müşahidə Şurasının bütün üzvlərinin bizə olan diqqəti, sanki mentorluq etməsi də fəaliyyətimizə çox böyük kömək oldu.

Hesab edirəm ki, Qarabağ Dirçəliş Fondunda çalışmaq, mən də daxil olmaqla, hər bir əməkdaş üçün şərəfli bir işdir. Bu fondun yaradılmasında iştirak etmək, bu prosesin bir hissəsi olmaq hər birimiz üçün fantastik bir təcrübədir. Əminliklə deyə bilərəm ki, Fondun hər bir əməkdaşı bu şansa görə onu təsis edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdardır.

- Fondun avqust ayında açıqlanmış maliyyə hesabatlarında maraqlı bir məqam var. 2025-ci ildə ianələrdə müəyyən azalma olsa da, investisiya fəaliyyətindən təxminən 97 milyon manata yaxın gəlir əldə etmisiniz. Bu 2024-cü ilin nəticələri ilə müqayisədə təxminən 30% artım deməkdir. Bunu necə dəyərləndirirsiniz?

- İanələrin həcminin dalğalanması prinsipcə təbii bir haldır. Bu gün Fonda daxil olan ianələrin ümumi həcmində ayrı-ayrı iri donorların etdiyi ianələr həcm nöqteyi-nəzərindən üstünlük təşkil edir. Hələ ki Fondun ümumi ianələrində böyük donorlar çox ciddi rol oynayır. Gələcəkdə vəsaitimizin daha çox sayda kiçik donorların etdiyi ianələrdən formalaşmasını arzu edirik.

Qeyd etdiyim kimi, Fonda edilən ianələrdə böyük donorlar əsas rol oynayır. Bu, bir reallıqdır. Buna görə də böyük donorların sayı dəyişəndə ümumi ianələrin həcmi də dəyişir. Məsələn, bu ilin 9 ayı ərzində artıq 345 milyona yaxın ianə daxil olub. Bu, ötən il ərzində toplanan ianələrdən 6,4 dəfə artıqdır. Yəni müəyyən sıçrayış kimi artım var. Buna normal yanaşmaq lazımdır.

Uzunmüddətli perspektivdə bu dalğanı daha çox yüksəlişə doğru gedən düz xətt kimi görmək istəyirik və bunun üçün çalışacağıq.

Lakin biz artıq təkcə ianələrdən asılı deyilik. Bu da Fondun investisiya fəaliyyətinin nəticəsidir. Çünki həmin ianələri investisiya edərək Fond üçün, Qarabağ üçün əlavə vəsaitlər qazanırıq.

Ötən ilin nəticəsində maliyyə gəlirləri hətta ianələri üstələmişdi. Belə ki, 2025-ci il üzrə Fondun maliyyə gəlirləri 96,9 milyon manat, ianə gəlirləri isə 53,9 milyon manat təşkil edib. Bu, Fonda müəyyən dərəcədə dayanıqlıq verir. İstənilən halda ianələr aşağı düşsə belə, bizim investisiya gəlirlərimiz artır. Bu trendi qorumağa çalışacağıq.

Burada bir məqamı da qeyd etmək istərdim: ianələr mənfəət vergisinə cəlb edilmir, vergi yalnız Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərdən hesablanır. Təkcə 2025-ci il üzrə Fondun mənfəət vergisi 19,2 milyon manat təşkil edib. Dövlət Vergi Xidmətinin açıqladığı siyahılara əsasən isə Fond ölkənin 100 ən böyük vergi ödəyicisi sırasına daxil olub. Yəni Fond dövlət büdcəsindən vəsait almır, əksinə, büdcəyə töhfə verir.

- İanələrdəki bu dalğalanmalar bərpa layihələrinin tempinə necə təsir edir?

- Bu, Qarabağda aparılan işlərə ümumiyyətlə təsir etmir, çünki həmin işlərin əksəriyyəti dövlət büdcəsi hesabına maliyyələşir. Söhbət bizim layihələrdən gedirsə, onların da böyük əksəriyyəti qazandığımız investisiya gəlirlərindən maliyyələşir. Buna görə ianələrin azalması onlara, ümumiyyətlə, təsir etmir. Məncə, bizim üstünlüklərimizdən biri də budur. Hətta ötən illərdə qazanılan investisiya gəlirinin böyük bir hissəsini qənaət etmişik və bu gəlirlərimizi də yaxın gələcəkdə iqtisadi proqramlara yönəltməyə imkanımız olacaq.

- Fond hazırda işğaldan azad edilmiş ərazilərdə hansı prioritet infrastruktur, ekoloji və mədəniyyət layihələrinin maliyyələşdirilməsində birbaşa iştirak edir?

- Hazırda maliyyələşməsi həyata keçirilən müxtəlif layihələr var. Məsələn, Fond Qarabağın bütün böyük şəhərlərində parkların, xüsusən, mərkəzi parkların yaradılmasına maliyyə dəstəyini göstərməyə başlayıb. Füzulidə layihələndirmə ilə hətta özümüz məşğul olduq. Amma indi maliyyələşməsi bizdə qalmaq şərti ilə bu parkın tikintisinin müvafiq profilli dövlət qurumuna keçirilməsi prosesindəyik. Ağdamda da mərkəzi parkın yaradılmasını dəstəkləyirik.

Xankəndidə yaradılan Zəfər parkında müəyyən işlər artıq görülüb, müəyyən hissəsinin maliyyələşməsinə dəstəyimizi göstərəcəyik.

Ekoloji layihələr isə təkcə parklarla məhdudlaşmır. Meşə örtüyünün, meyvə bağlarının bərpası da bu layihələrə daxildir.

Həmçinin bizim üçün prioritet olan tarixi abidələrimizin bərpası layihələrini qeyd edə bilərəm. Misal üçün, Ağdamdakı İmarət kompleksinin bərpasında dəstəyimiz olub. Hazırda Şahbulaq qalasının bərpası və qalanın ətrafında turizm infrastrukturunun yaradılması layihəsinə maliyyə dəstəyi göstəririk. Daha bir vacib və irimiqyaslı layihə isə Fondun maliyyə dəstəyi ilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında Qarabağ və Şərqi Zəngəzurda İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasıdır.

Artıq cənab Prezident tərəfindən təməli qoyulmuş bir neçə muzey var. Hazırda onların layihələndirilməsi, məzmununun yaradılması Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Çox güman, yaxın gələcəkdə bu muzeylərin inşasına başlanılacaq.

Eyni zamanda həmin ərazilərdə müvafiq dövlət qurumları ilə birlikdə müxtəlif mədəni tədbirlərin keçirilməsi, təhsil proqramlarının dəstəklənməsi kimi işlər də görülür. Qarabağ Universiteti ilə çox gözəl tərəfdaşlığımız var. Orada hər il təhsil forumunun keçirilməsi nəzərdə tutulur. Qarabağ Universitetinin tələbələri üçün xüsusi təqaüdümüz də var. Keçən il 50 nəfərdən ibarət birinci tələbə qrupunun bu təqaüdlərlə dəstəklənməsini uğurla həyata keçirdik. Bu təqaüdə layiq görülən tələbələrin dəstəklənməsinin davam etdirilməsi şərti ilə bu il ikinci qrupu da qəbul edəcəyik.

Bir az öncə qeyd etdiyim kimi, İqtisadiyyat Nazirliyi ilə birlikdə sahibkarlığa dəstək üzrə proqram üzərində çalışırıq. Bu, Müşahidə Şurasının birbaşa tapşırığı və ölkə rəhbərliyinin qoyduğu istiqamət üzrə icra olunan layihələrdir. Artıq qrant şəklində milyonlarla vəsait ayırırıq. Yaxın gələcəkdə daha böyük vəsaitləri, nəinki təkcə qrant şəklində, həmçinin müxtəlif maliyyələşmə mexanizmləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə yönəldəcəyik.

- Bölgədə dayanıqlı məskunlaşma və dirçəlişə ən böyük maneə mina problemidir. Bu yaxınlarda Fondun sifarişi ilə beynəlxalq mina probleminə həsr olunmuş “Ölümcül Miras” sənədli filmi nümayiş olundu. Sizcə, film Qarabağda qarşılaşdığımız mina təhlükəsini dünyaya çatdırmağa necə kömək edəcək?

- Dirçəliş, bərpa və quruculuq işləri minalanmış ərazidə mümkün deyil. Dünyada onilliklər ərzində inkişafdan məhrum olan minalanmış ölkələr var. Çünki zəhərlənmiş bu torpaqlar kənd təsərrüfatı, turizm infrastrukturunun inkişafı, ümumiyyətlə, normal həyat qurmaq və iqtisadi fəaliyyətlə məşğul olmağa imkan vermir, belə desək, imkanların qarşısını alır. Belə presedentlər dünyada çoxdur.

Azərbaycanın mina problemi bəlkə də tarixdə üzləşdiyi ən irimiqyaslı problemlərdən biridir. İlkin hesablamalara görə, torpaqlarımızda 1 milyondan artıq mina var. Minalanma hər hansı konkret bir yer, bir ərazi ilə məhdudlaşmır. Minalardan xəsarət alan, həyatını itirən insanlar Ağdamda da, Kəlbəcərdə də ola bilər.

Azərbaycanın minaların təmizlənməsi istiqamətində gördüyü iş həqiqətən digər ölkələr üçün maraqlı bir örnək, bir dərsdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə qeyd edib və vurğulayıb ki, biz bunu öz resurslarımız hesabına edirik. Bu gün dünyada bu sahəyə dayanıqlı, bərabər maliyyələşmənin ayrılmaması mina probleminin əsas məhdudlaşdırıcı amillərindən biridir. İmkanı olan və dəstək göstərilən ölkələr daha qısa müddətdə minaların təmizlənməsinə nail ola bilir. Resursları az olan və onlara kifayət qədər maliyyə ayırmayan dövlətlər isə onilliklər ərzində çətinlik çəkirlər. Laosu misal göstərə bilərik. Vyetnam müharibəsi illərində bu ölkənin ərazisi tarixdə ən sıx bombardmanlardan birinə məruz qalıb və Laos 2026-cı ildə də həmin mirasın ağır nəticələri ilə üz-üzədir.

Azərbaycan bunun əksi olaraq, öz maliyyə və insan resursları hesabına çox yüksək templə bu ölümcül mirasla mübarizə aparır.

Qarabağ Dirçəliş Fondu olaraq, ölkə başçısının müəyyən etdiyi prinsiplərə və siyasətə uyğun olaraq, müvafiq razılıqların alınması şərti ilə qərara aldıq ki, bu problem haqqında maraqlı bir məzmun, film yaradaq. Bu zaman cənab Prezidentin çıxışlarına qayıtdıq. O, dəfələrlə, xüsusən Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının tədbirində fikirlər səsləndirmişdi ki, biz tək deyilik. Bu problemdən çoxlu ölkələr əziyyət çəkir, biz birləşməliyik ki, səsimizi eşitsinlər.

Buna görə düşündük ki, bəlkə qlobal bir film çəkilsin və filmdə təkcə Azərbaycan deyil, digər ölkələr də yer alsın. Filmdə Azərbaycandan başqa yer alan Kolumbiya, Laos və Bosniya hazırda minatəmizləmə prosesində müxtəlif mərhələlərdədir. Beləliklə, ümumi qlobal hekayəni yaratmaq qərarına gəldik. Hekayənin pik nöqtəsi cənab Prezidentin dünyaya səsləndirdiyi təklifdir ki, humanitar minatəmizləmə Birləşmiş Millətlər Təşkilatının ayrıca 18-ci Dayanıqlı İnkişaf məqsədi olmalıdır. Bu mesaj filmdə yer alıb.

"Ölümcül Miras" həm bizim üzləşdiyimiz çox böyük problem haqqındadır, həm də həmin əraziləri necə yüksək sürətlə təmizlədiyimizin bir təşviqi və təqdimatıdır. Filmə baxan görür ki, Azərbaycan yüksək sürətlə nəinki əraziləri təmizləyir, həm də artıq orada həyatı dirçəldir. Filmdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri də xüsusi yer alıb və film elə bu pozitiv notlarla tamamlanır.

Filmdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, beynəlxalq miqyasda tanınmış simalar — Piyada əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın xüsusi elçisi Şahzadə Mired bin Raad, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza və “Roots of Peace” təşkilatının rəhbəri Haydi Kün kimi nüfuzlu xadimlər və ekspertlər yer alırlar.

Bu ekran əsərinin öz izləyicisini, öz tamaşaçısını tapacağı şansı böyükdür. Bakıda Beynəlxalq Mina Konfransı çərçivəsində qapalı bir nümayiş təşkil elədik. Bunu çox gərgin və məhsuldar bir konfrans günündən sonra axşama təyin etdik. Sona qədər hamı salonda əyləşib filmi izlədi.

Nümayişdən sonra artıq çox sayda müraciətlər almağa başlamışıq ki, "Ölümcül Miras"ı onların ölkələrində nümayiş etdirək, müxtəlif institusional, qapalı və ya təqdimat xarakterli nümayişlər təşkil edək, bunu beynəlxalq festivallarda, məktəblərdə, universitetlərdə göstərək, telekanallarda nümayişini təşkil edək. Bununla bağlı planlarımız var.

- Fond həmçinin Laçın Beynəlxalq Film Festivalına tərəfdaşlıq etdi. Bu cür mədəniyyət layihələri, festivallar Qarabağın turizm potensialına və insanların bura daha tez adaptasiyasına necə təsir göstərir?

- Bu, işğaldan azad olunmuş ərazilərdə iştirak etdiyimiz bu tipli yeganə layihə deyil. Bizim təşəbüssümüzlə artıq bir neçə ildir “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilir. Bu layihə həm Bakını, həm də işğaldan azad olunmuş əraziləri əhatə edir. Bu konsert artıq iki dəfə Şuşada keçirilib, bu yaxınlarda isə Laçında da təşkil edilib.

Biz hesab edirik ki, əsl dirçəliş və dayanıqlı məskunlaşma, əsl həyat təkcə beton, sement, daş, binalar, yollar deyil. İnsan həyatı həm də məzmun deməkdir. Yəni, insanların həyatında gərək mədəniyyət də, idman da, səmərəli asudə vaxt da olsun.

Onu da qeyd edim ki, festival zamanı Laçına bir neçə ölkədən kinematoqrafçılar, rejissorlar, operatorlar səfər etdilər, Qarabağı, Laçını, burada aparılan işləri öz gözləri ilə gördülər. Onlarla olan söhbətlərimə əsasən deyə bilərəm ki, bu sənətkarlar Laçını öz yaradıcılıqlarında maraqlı istiqamət, mövzu kimi görürlər. Bir neçəsi maraqlı layihələr də təklif etdi. Festival çərçivəsində Laçın sakinləri və qonaqlar müxtəlif ölkələrdə çəkilmiş, müxtəlif rejissorların maraqlı, yeni işləri ilə tanış olmaq imkanı qazandılar.

Məncə, Laçın kimi gözəl şəhərə elə bu lazımdır. Həm özünü təqdim etmək, həm də dünyanı Laçına gətirmək üçün bu, çox gözəl təşəbbüs idi. Qarabağ Dirçəliş Fondu festivalın təşəbbüskarı “Hoçazfilm” kinostudiyasından tərəfdaş kimi qoşulmaq təklifi almışdı. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və “Bakı Abadlıq Xidməti”nin təşkilati dəstəyi ilə reallaşıb. Bu, bizim nizamnamə ilə nəzərdə tutulan fəaliyyət mandatının istiqamətlərinə uyğun olduğu üçün təklifi böyük məmnuniyyətlə qəbul etdik. Fikrimcə, bu festival davamlı, ənənəvi olmalıdır.

- "Yüksəliş" müsabiqəsi qaliblərinə mentorluq edən bir rəhbər kimi, Qarabağın yenidən qurulmasında gənc idarəçilərin potensialından necə istifadə olunmasını məsləhət görürsünüz?

- "Yüksəliş" müsabiqəsinin mentorlarından biri olmaq mənim üçün gözəl bir təcrübədir. Çünki oradakı gənclər özləri çox qabaqcıldırlar və dünyagörüşləri bəzən bizimkindən fərqlənir. Bu proqram nəinki mənim təcrübəmi bölüşməyimə, həm də onlardan yeni təcrübə qazanmağıma xidmət edir. Yəni, bu proses qarşılıqlıdır.

Həmin gənclərin Qarabağın dirçəlişində oynadığı rola gəldikdə, bunu ölkə başçısı da dəfələrlə səsləndirib ki, gənc nəslin Qarabağın azad olunmasında rolu danılmazdır. Həmin gənc nəsil Qarabağın bərpasında da çox böyük rol oynayır.

Onlar işğaldan azad olunmuş ərazilərdə demək olar ki, bütün dövlət, özəl qurumlarda, qeyri-hökumət təşkilatlarında müxtəlif layihələrdə iştirak edirlər. Həm "Yüksəliş"də, həm də şəxsi təmaslarımda gənclərdə böyük istək olduğunu hiss edirəm. Gənclər özlərini doğrultmaq, potensiallarını göstərmək istəyir. Qarabağda da buna böyük imkanlar var. Çünki bu, demək olar ki, sıfırdan qurulan, yaradılan bir məkandır.

- Hazırda özəl sektor azad edilmiş ərazilərdə ən çox hansı sahələrə maraq göstərir? Sahibkarları bura cəlb etmək üçün hansı güzəştlər və stimullar var?

- İşğaldan azad olunmuş ərazilər - Qarabağ və Şərqi Zəngəzur xüsusi imtiyazlara malik regiondur. Orada sahibkarlar üçün imtiyazlı vergi qanunvericiliyindən tutmuş imtiyazlı kreditlərə qədər müxtəlif xüsusi təkliflər mövcuddur. Həmçinin bu ərazilərdə - Ağdam və Cəbrayılda artıq 2 xüsusi sənaye parkı mövcuddur. Hər dəfə oraya gedəndə yeni şirkətlərin, investorların fəaliyyətinin şahidi oluruq.

Burada iqtisadiyyat naziri, Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarovun “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabının müəllifi olan britaniyalı yazıçı Qrem Vilsona verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə istinadla demək istəyirəm ki, istənilən sərmayə, investisiya, yatırım təkcə vətənpərvərlik hissindən irəli gəlirsə, bu gözəl olsa da, dayanıqlı olmayacaq. Dayanıqlı olması üçün təkcə patriotizm deyil, həm də iqtisadi əsası olan investisiya olmalıdır.

Bu ərazilər bərpa olunduqca, inkişaf etdikcə, burada əhalinin sayı artdıqca, əlbəttə, paralel olaraq investorların marağı daha da artacaq.

Bu yaxınlarda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə investorlar üçün tədbir təşkil etdik. Tədbirdə həmin rayonların biznes imkanları təqdim olundu. Buna çox böyük maraq göstərildi. Hazırda digər nümayəndəliklər, eyni zamanda İqtisadiyyat Nazirliyi ilə bu tipli tədbirlərin davam etdirilməsini müzakirə edirik, bu işdə faydalı olmağa çalışırıq.

- Xaricdə yaşayan milyonlarla soydaşımızın Qarabağın bərpasına dəstək verməsi çox maraqlı mövzudur. Bu gün qürbətdəki azərbaycanlıların prosesdə iştirak miqyası sizi bir Fond rəhbər olaraq qane edirmi? Onların bu işə cəlb olunmasında Fond hansı çətinliklərlə qarşılaşır və bu aktivliyi necə artırmaq olar?

- Qarabağın bərpasında, dirçəlişində diasporun rolunu qiymətləndirmək mənim tərəfimdən düzgün olmaz. Mən yalnız Fondun fəaliyyətində diasporun rolunu qiymətləndirə bilərəm. Bu isə məni qane etmir. Amma qınanası tərəf diaspor yox, elə biz özümüzük. Bu da obyektiv reallıqdır. Lakin bu, düşünülmüş yanaşma idi. Çünki bizim kommunikasiyamız daha çox ölkə daxilinə yönəlmişdi. Yeni bir qurum olaraq birinci gündən çıxıb özünü xaricdə genişmiqyaslı piar etmək düzgün olmazdı. Gərək sənin təcrübən, fəaliyyətin, ortaya qoyulası layihələrin olsun. Ona görə öz kommunikasiyamızı öz inkişafımıza uyğunlaşdırmağa çalışdıq.

Əminəm ki, diasporun ümumilikdə Qarabağın dirçəlişində oynadığı və oynaya biləcək rolu çox böyükdür. Bunu təsdiqləyəcək bir misal çəkə bilərəm. Qarabağın azad olunmasında diasporun oynadığı rolu vurğulamaq istərdim. Vətən müharibəsi zamanı bizim səsimizin müxtəlif ölkələrdə səsləndirilməsi, həqiqətlərimizin müxtəlif auditoriyalara çatdırılması üçün diaspor nə qədər böyük səylər göstərib, nə qədər böyük işlər görüb - bu, hamıya yaxşı məlumdur. Onda media sahəsində çalışırdım və bunu çox yaxşı xatırlayıram. Bu o deməkdir ki, bizim diasporumuzun potensialı çox yüksəkdir. Hesab edirəm ki, diaspor Qarabağın azad olunmasına can qoyduğu kimi dirçəlişində də öz rolunu oynayacaq. Fond bu istiqamətdə gələcəkdə daha fəal iş aparacaq.

Onu da qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə bir neçə dəfə birgə təşəbbüsümüz olub. Komitə bu məsələdə bizi dəstəkləyib və ilkin təmaslarımız göstərir ki, əməkdaşlıq üçün böyük potensial var.

- Siz dəfələrlə qeyd etmisiniz ki, Fond fəaliyyətini şəffaflıq və hesabatlılıq prinsipi əsasında qurur. Fondun maliyyə hesabatlarının “PwC” tərəfindən yoxlanılması, sadə dildə desək, nə işə yarayır?

- Çox işə yarayır. Müstəqil auditdən keçmək bizim sadəcə seçimimiz deyil. Nizamnamədə də qeyd olunur ki, Qarabağ Dirçəliş Fondu hər il müstəqil maliyyə auditindən keçməlidir. Bu həm də müasir korporativ idarəetmə prinsiplərindən biridir. Məsələn, müstəqil auditoru təyin edən də, onun hesabatlarını, rəyini qəbul edən də İdarə Heyəti yox, Müşahidə Şurasıdır. Bu müsahibə fürsətindən istifadə edərək Müşahidə Şurasına təşəkkür etmək istəyirəm ki, onlar dünyanın aparıcı audit şirkətlərindən biri olan “PwC” şirkətini Fondun auditoru kimi seçiblər. Bu özü bir keyfiyyət nişanıdır və bizi işimizi daha şəffaf və düzgün qurmağa stimullaşdırır.

Artıq 5 il ardıcıllıqla audit yoxlamasından tam müsbət rəy alırıq. Yəni bütün maliyyə hesabatlarımız Fondun reallıqlarını düzgün əks etdirir. Bizim üçün bu, çox vacib bir məqamdır. Hesabatlar saytımıza yerləşdirilir, istənilən şəxs onları asanlıqla yükləyib təhlil edə bilər. “PwC” kimi çox təcrübəli, nüfuzlu bir auditorun yoxlaması ictimaiyyətə daha rahatlıqla təqdim olunmağımıza imkan verir.

Həmçinin bu, xaricdə yaşayan diasporumuzla daha fəal münasibətlər qurmaqda böyük rol oynayacaq. Demək istəyirəm ki, audit yoxlaması normal beynəlxalq praktikadır. Bütün bunlar Fondun düzgün imicinin formalaşmasına töhfə verir.

- Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 500 min ABŞ dolları məbləğində pul mükafatını Qarabağ Dirçəliş Fonduna ianə etdi. Dövlət başçısının bu qərarı Fond üçün nə ifadə edir?

- Bəli, bir müddət əvvəl Qarabağ Dirçəliş Fondu ilə bağlı əlamətdar bir hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının ona təqdim etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 500 min dollarlıq mükafat fondunu Qarabağ Dirçəliş Fonduna ianə etdi. Biz bunu bir etimad və eyni zamanda məsuliyyət kimi qəbul edirik. Bu yüksək etimadı doğrultmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.