BAKI, 13 oktyabr. TELEQRAF

"Azərbaycan dünyəvi dövlətdir, bununla belə ölkəmizdə baş örtüyünə ümumi qadağadan söhbət gedə bilməz. Vətəndaşlar dövlət orqanlarında, müxtəlif təşkilatlarda və gündəlik həyatda qanunvericiliyin tələbləri çərçivəsində dini inanclarına uyğun geyim seçimində sərbəstdirlər. Lakin dünyəvi təhsil prinsipinin qorunması ayrıca əhəmiyyət daşıyır. Məktəb dini eksperiment yeri deyil, uşaqların dünyagörüşünün, milli kimliyinin və vətəndaşlıq mövqeyinin formalaşdığı təhsil müəssisəsidir".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, milli-mənəvi dəyərlər, Azərbaycan ailə modeli, sekulyarlıq, milli təəssübkeşlik və vətənpərvərlik cəmiyyətimizin ideoloji dayaqlarıdır: "Ailə institutunun və təhsil prosesinin yad ideoloji təsirlərdən, dini manipulyasiyalardan qorunması dövlətin ideoloji təhlükəsizliyinin mühüm istiqamətlərindən biridir. Tolerantlıq dini baxışların təzyiq yolu ilə qəbul etdirilməsinə razılıq olmadığı kimi, dünyəvilik də dini etiqad azadlığının inkarı demək deyil. Əsas məsələ bu prinsiplər arasında hüquqi tarazlığın qorunmasıdır.

Son günlər baş verən hadisələrin xarici dairələrin təsiri və koordinasiya aspektləri ilə cərəyan etdiyi diqqət çəkir. İslam dünyasında liderlik iddiasında olan heç bir dövlətin, o cümlədən İran və Türkiyənin Azərbaycanın daxili işlərinə müdaxilə etmək və Azərbaycan xalqına öz iradəsini diktə etmək cəhdləri qəbuledilməzdir.

Azərbaycan müstəqil və suveren dövlətdir, heç bir dövlətin onun daxili işlərinə qarışmaq hüququ yoxdur".

Deputat qeyd edib ki, dini məsələlərin cəmiyyətdə qarşıdurma yaratmaq və dövlətin dünyəvi əsaslarını mübahisə predmetinə çevirmək üçün siyasi vasitəyə çevrilməsi milli maraqlar baxımından qəbuledilməzdir: "Nəticə etibarilə, Azərbaycanın ideoloji təhlükəsizliyi dini etiqad azadlığının təmin edilməsi ilə yanaşı, təhsil sisteminin dünyəvi xarakterinin, milli dəyərlərin və ailə institutunun qorunmasını tələb edir. Bu istiqamətdə əsas prinsip qanunun aliliyi, milli həmrəylik və hər hansı xarici təsir qarşısında dövlət maraqlarının qətiyyətlə müdafiəsidir".

Vasif Qafarov vurğulayıb ki, dünən baş verən hadisələr Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıması fikrinin nə qədər aktual olduğunu bir daha təsdiqləyir: "Çünki dövlətin təhlükəsizliyi yalnız sərhədlərin qorunması, hərbi gücün artırılması ilə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin, ictimai həmrəyliyin və cəmiyyətin ideoloji dayanıqlığının qorunmasını da tələb edir.

Uzun illərdir ki, Azərbaycanın uğurlu müstəqil siyasətini qəbul etməyən bəzi xarici dairələr ölkəmizdə ictimai rəyə təsir göstərmək, insanlar arasında ideoloji parçalanma yaratmaq, milli birliyimizə xələl gətirmək və ictimai sabitliyi pozmaq istiqamətində müxtəlif cəhdlər göstərirlər.

Bu fəaliyyətlərin arxasında dayanan əsas məqsəd Azərbaycanın müstəqilliyini və suverenliyini zəiflətmək, onun müstəqil qərarvermə imkanlarına təsir göstərmək və ölkəni kənardan idarə olunan dövlətə çevirməkdir. Məktəblərdə məktəbli geyimi ilə bağlı tələblər ətrafında yaranan mübahisələri qarşıdurmaya çevirmək cəhdləri də bu baxımdan diqqətlə qiymətləndirilməlidir".

Deputatın sözlərinə görə, heç bir xarici qüvvə xalqımızın iradəsini sındıra və Azərbaycanı müstəqil inkişaf yolundan döndərə bilməz: "Dövlətin təhlükəsizliyinə, ictimai asayişə və qanuni tələblərə qarşı yönəlmiş təxribatçı əməllərə yol verən şəxslər isə qanun qarşısında məsuliyyət daşımalıdırlar. Azərbaycanın gücü yalnız hərbi qüdrətində deyil, həm də milli birliyində, ideoloji dayanıqlığında və dövlətçilik iradəsindədir. Bu birliyin qorunması hər bir vətəndaşın məsuliyyəti, dövlətin isə strateji vəzifəsidir".