BAKI, 9 iyun. TELEQRAF

Xalq artisti, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fərqanə xanım, öncə muzeyin ekspozisiyası haqqında məlumat verməyinizi xahiş edərdik. Bülbülün həyat və yaradıcılığını əks etdirən ən dəyərli eksponatlar hansılardır?

- Əvvəlcə qeyd etmək istərdim ki, Bülbülün Memorial Muzeyi Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə yaradılıb. Muzeyin təntənəli açılış mərasimi isə 1982-ci il iyunun 10-da keçirilib və həmin tədbirdə Heydər Əliyev şəxsən iştirak edib. Burada Bülbülün həyat yoldaşı Adelaida xanımın xidmətlərini xüsusi vurğulamaq lazımdır. O, ömrünün ən xoşbəxt 23 ilini keçirdiyi bu evi öz əlləri ilə muzeyə çevirib, Bülbülə məxsus əşyaları böyük qayğı və həssaslıqla qoruyub saxlayıb. Muzeyin ekspozisiyası hazırlanarkən həmin eksponatları muzeyə hədiyyə edib.

Bülbülün vəfatından sonra Adelaida xanım bütün həyatını dahi sənətkarın xatirəsinin yaşadılmasına və irsinin qorunmasına həsr edib. 1977-ci ilin iyul ayında o, muzeyin direktoru vəzifəsinə təyin olunub və ömrünün sonunadək Bülbül irsinin toplanması, tədqiqi və təbliği istiqamətində yorulmadan fəaliyyət göstərib.

Adelaida xanım Bülbül irsinin ən dəyərli tədqiqatçılarından biridir. Məhz onun fədakar əməyi və zəhməti sayəsində bu gün muzeydə 9000-dən artıq eksponat mühafizə olunur. Onun yaratdığı və formalaşdırdığı bu muzey illərdir sənətsevərlərin, tədqiqatçıların və ziyarətçilərin üz tutduğu müqəddəs bir mədəniyyət ocağına çevrilib. Burada qorunan hər bir eksponat böyük tarixi və mənəvi dəyərə malikdir, onların əhəmiyyəti isə ölçüyəgəlməzdir.

- Bülbülün şəxsi arxivindən və ailəsinə məxsus əşyalardan muzeydə hansı nümunələr qorunub saxlanılır?

- Bülbülün Memorial Muzeyinin fondları zəngindir. Burada böyük sənətkara məxsus sənədlər, kitablar, məqalə və məruzələr, məktub və teleqramlar, afişalar, eləcə də çoxsaylı xatirə əşyaları qorunub saxlanılır. Eksponatlar arasında Bülbülün yüksək estetik zövqü ilə seçilən mebelləri, tələbələri tərəfindən ona hədiyyə edilmiş saat, 1932-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) gətirdiyi “Edison” markalı fonoqraf və radio xüsusi maraq doğurur.

Həmçinin 1930-cu illərdə Azərbaycan hökuməti tərəfindən Bülbülə hədiyyə olunmuş piano muzeyin ən qiymətli eksponatlarından biridir. Məhz bu pianoda görkəmli bəstəkar Fikrət Əmirovun dünya şöhrəti qazanmış “Şur” və “Kürd Ovşarı” simfonik muğamları Bülbülün təşəbbüsü və bilavasitə iştirakı ilə ərsəyə gətirilib.

Bülbülün şəxsi kitabxanası da muzeyin ən dəyərli bölmələrindən hesab olunur. Burada sənətkara məxsus 500-ə yaxın kitab mühafizə edilir.

Şəxsi araşdırmalarıma əsasən belə qənaətə gəlmişəm ki, Bülbül dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına xüsusi sevgi və ehtiramla yanaşıb. Onun şəxsi kitabxanasında Nizami irsinə həsr olunmuş nəşrlərin geniş yer tutması, şairin qəzəllərinə bəstələnmiş “Sevgili canan” və “Sənsiz” romanslarının ilk ifaçısı olması, eləcə də Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında Nizami obrazını yüksək sənətkarlıqla canlandırması bunu təsdiqləyən mühüm faktlardır.

Qeyd etmək lazımdır ki, Nizami obrazı Bülbülün ən çox sevdiyi və uğurla yaratdığı səhnə surətlərindən biri olub.

- Muzeyə yerli və xarici ziyarətçilərin marağı hansı səviyyədədir? Son illərdə ziyarətçi sayında artım müşahidə olunurmu?

- Bülbülün Memorial Muzeyinə maraq hər zaman yüksək olub. Məlum olduğu kimi, pandemiya dövründə bütün sahələrdə olduğu kimi, muzey fəaliyyətində də müəyyən durğunluq yaşandı. Lakin son illərdə muzeylərə maraq yenidən artmağa başlayıb. Xüsusilə məktəblilər, tələbələr və ailələr arasında muzey ziyarətləri daha geniş yayılıb.

İl ərzində Bülbülün Memorial Muzeyinə 5000-dən çox ziyarətçi təşrif buyurur. Muzey həm yerli, həm də xarici qonaqların böyük marağına səbəb olur. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər muzeyi ziyarət edir, Bülbülün zəngin həyat və yaradıcılığı ilə yaxından tanış olurlar. Xarici qonaqlar arasında xüsusilə Türkiyə, Rusiya, İran və Almaniyadan gələn ziyarətçilər üstünlük təşkil edir. Bu da Bülbül sənətinə və Azərbaycan musiqi mədəniyyətinə beynəlxalq marağın göstəricisidir.

- Bülbülün Azərbaycan musiqi mədəniyyətinə və vokal sənətinə gətirdiyi yenilikləri bugünkü nəsillərə necə çatdırırsınız?

- Bülbülün Memorial Muzeyi böyük sənətkarın zəngin irsinin toplanması, tədqiqi, qorunması və təbliği ilə məşğul olan mühüm mədəniyyət müəssisəsidir. Muzeyin əsas fəaliyyət istiqamətlərindən biri də Bülbül yaradıcılığını və onun Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərini geniş ictimaiyyətə çatdırmaqdır.

Bu məqsədlə muzeydə və muzeydənkənar məkanlarda mütəmadi olaraq müxtəlif tədbirlər, sərgilər, elmi-praktik konfranslar, görüşlər və maarifləndirici layihələr həyata keçirilir. Eyni zamanda, müasir dövrün tələblərini nəzərə alaraq, gənc nəslə daha yaxından çatmaq üçün sosial media platformalarında aktiv fəaliyyət göstərməyə çalışırıq. Rəqəmsal imkanlardan istifadə etməklə Bülbül irsinin daha geniş auditoriyaya təqdim olunmasına və təbliğinə xüsusi önəm veririk.

- Muzeydə məktəblilər və gənclər üçün maarifləndirici layihələr, sərgilər və tədbirlər həyata keçirilirmi?

- Musiqi məktəbləri və müxtəlif ictimai birliklərlə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçiririk. Xüsusilə Bülbülün repertuarına həsr olunmuş konsert proqramlarının təşkilinə böyük önəm veririk. Bu cür maarifləndirici tədbirlər gənclərin həm Bülbül yaradıcılığını daha yaxından tanımasına, həm də Azərbaycan musiqi mədəniyyətinə marağının artmasına mühüm töhfə verir.

Nümunə olaraq qeyd edə bilərəm ki, muzeyimiz bir ildən artıq müddətdə “Bülbülün qonaqları” layihəsini uğurla həyata keçirib. Layihə çərçivəsində Bülbülün yaşadığı bu evdə vaxtilə qonaq olmuş görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər təşkil etmişik.

Süleyman Ələsgərov, Qara Qarayev, Fikrət Əmirov, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Məmməd Səid Ordubadi, Mobil Əhmədov, Səməd Vurğun, Rəşid Behbudova həsr olunmuş tədbirlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Hazırda isə yeni layihələr üzərində işləyirik. Növbəti aylarda Xalq şairi Səməd Vurğunun 120, xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun 165, Xalq artisti Mobil Əhmədovun 95 illik yubileylərini keçirməyi nəzərdə tutmuşuq. Bu cür tədbirlər bizim görkəmli şəxsiyyətlərin gənc nəslə təbliğ olunmasında böyük rol oynanır.

Hesab edirik ki, bu cür layihələr və tədbirlər görkəmli şəxsiyyətlərimizin zəngin irsinin gənc nəslə tanıdılması, milli-mədəni dəyərlərimizin təbliği və tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

- Rəqəmsallaşdırma və müasir texnologiyaların tətbiqi baxımından muzeydə hansı yeniliklər nəzərdə tutulur?

- Rəqəmsallaşdırma istiqamətində əsas məqsədlərimizdən biri Bülbülün zəngin musiqi irsini müasir texnologiyaların imkanlarından istifadə etməklə gənc nəslə daha əlçatan şəkildə təqdim etməkdir. Bu məqsədlə Bülbülün repertuarının QR kodlar vasitəsilə ziyarətçilərə çatdırılması nəzərdə tutulur.

Ziyarətçilər muzeydə yerləşdirilən QR kodları skan etməklə sənətkarın ifasında əsərləri dinləyə, eyni zamanda onun yaradıcılığı barədə əlavə məlumatlarla tanış ola biləcəklər. Bu yanaşma muzey təcrübəsini daha interaktiv və müasir auditoriyanın tələblərinə uyğun şəkildə zənginləşdirir.

Düşünürəm ki, bu layihə xüsusilə gənclərin Bülbül irsinə marağının artırılması, onun sənətinin daha geniş auditoriyaya çatdırılması və ümumilikdə milli musiqi irsimizin rəqəmsal mühitdə daha səmərəli təbliği baxımından olduqca faydalı olacaq.

- Bülbülün irsinin qorunması və təbliği istiqamətində qarşıda duran əsas vəzifələr barədə nə deyərdiniz?

- Bülbül haqqında yeni nəşrlərin hazırlanması məqsədilə elmi-tədqiqat işləri davam etdirilir. Eyni zamanda, böyük sənətkarın yaradıcılığının gənc nəslə daha geniş şəkildə tanıdılması üçün konsertlər, sərgilər və anım tədbirləri təşkil olunur.

Musiqi məktəblərində və digər təhsil müəssisələrində Bülbülün ifaçılıq və pedaqoji fəaliyyətinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici işlər aparılır. Təşkil olunan tədbirlərin xüsusilə musiqi məktəbləri və uşaq incəsənət mərkəzləri ilə birgə keçirilməsinə xüsusi önəm verilir.

Bu cür əməkdaşlıq formatında təşkil olunan tədbirlər uşaqlarda mədəniyyətə və incəsənətə marağın artmasına, onların estetik zövqünün formalaşmasına və nəticə etibarilə muzeylərə daha çox cəlb olunmasına mühüm töhfə verir.

- Son illərdə muzeyin fondları hansı yeni eksponatlarla zənginləşdirilib?

- Son illər ərzində muzeyə hədiyyə olunan ən dəyərli eksponatlardan biri Bülbülə məxsus qavaldır. Bu qaval Bülbül tərəfindən İtaliyaya səfərindən əvvəl Faiq Sücəddinovun babasına hədiyyə edilib. Ailə bu dəyərli xatirə əşyasını uzun illər böyük diqqət və qayğı ilə qoruyub saxlayıb.

Bir neçə il əvvəl Faiq Sücəddinov həmin qavalı muzeyə hədiyyə edərək bildirib ki, Bülbülün şəxsi əşyasının məhz onun ev-muzeyində qorunmasını arzulayır. Bu jest sənətkara və onun irsinə göstərilən yüksək ehtiramın nümunəsidir. Hazırda həmin qaval Bülbülün Memorial Muzeyinin Şuşa şəhərində fəaliyyət göstərən filialında nümayiş etdirilir və ziyarətçilərin böyük marağına səbəb olur.

- Bülbülün bioqrafiyası və sənət fəaliyyəti ilə bağlı son illər hər hansı yeni fakt ortaya çıxıbmı? Onun irsinin tam öyrənildiyini iddia etmək olarmı?

- Bülbülün Şuşada doğulduğu və uşaqlıq illərini keçirdiyi evlə bağlı mühüm bir faktı qeyd etmək olar. Şuşada yerləşən Bülbülün ev-muzeyində aparılan bərpa işləri zamanı divarlarda Günəş simvolu, Bəd-nəzər duası və evin Kərbəlayi Yusif tərəfindən 1787–1788-ci illərdə inşa edildiyini göstərən daş yazılar aşkar edilib. Bu tapıntılar yalnız Bülbülün ailə tarixinin deyil, eyni zamanda Şuşanın zəngin mədəni irsinin daha dərindən öyrənilməsi baxımından da böyük elmi əhəmiyyət daşıyır.

Ümumilikdə qeyd etmək lazımdır ki, Bülbül irsinin tam şəkildə öyrənildiyini demək hələ mümkün deyil. Azərbaycan professional vokal sənətinin banisi olan Bülbül haqqında çoxsaylı tədqiqatlar aparılıb, onun həyat və yaradıcılığına dair kitablar, məqalələr və elmi əsərlər yazılıb. Buna baxmayaraq, onun zəngin irsinin araşdırılması prosesi bu gün də davam edir.

Bülbülün musiqi, pedaqoji və elmi fəaliyyəti çoxşaxəlidir. Onun xalq musiqisinin toplanması, muğam sənətinin öyrənilməsi və təbliği sahəsində göstərdiyi xidmətlər yeni elmi tədqiqatlar üçün zəngin və əvəzsiz material olaraq qalır.

- Bülbülün böyük bəstəkar Üzeyir Hacıbəyli ilə münasibətinin yaxşı olmadığı barədə vaxtaşırı söz-söhbət yayılır. Bu barədə nə deyə bilərsiz? Bülbülün Azərbaycan musiqisindəki əsas missiyası barədə nə demək mümkündür?

- Ünvanladığınız sualda Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz xidmətləri olan iki dahi şəxsiyyətin adı çəkilir. Biri Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir bəy, digəri isə Azərbaycan professional vokal sənətinin banisi Bülbül... Onların adı hər zaman birgə çəkilir. Bu iki böyük sənətkarı təkcə Azərbaycan musiqisi, yaradıcılıqları birləşdirdirmirdi, onlar bu yolda birgə addımlayıblar.

Üzeyir bəy və Bülbül dostluğu olmasa "Koroğlu" operası olmazdı. Üzeyir Hacıbəyli bu operanı məhz Bülbülün səsinə uyğun olaraq yazmışdı.

Bülbül 400 dəfədən çox bu operada çıxış etmişdi. Üzeyir bəyin dahi şairimiz Nizami Gəncəvinin "Sənsiz", "Sevgili canan"ın qəzəllərinə bəstələdiyi romansların da ilk ifaçısı məhz Bülbüldür. Onların Azərbaycan musiqi tarixinə birgə qoyduqları izlər bu sualın cavabını birmənalı şəkildə inkar edir. İllər ötəcək, əsrlər keçəcək, bu iki dahinin adları həmişə birgə çəkiləcək.

FOTO: Elnur Muxtar