BAKI, 16 dekabr. TELEQRAF

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsinin sabiq rəhbəri Səlçuk Karakılıç Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səlçuk bəy, beş il Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərdiniz. Bu illəri necə xatırlayırsınız?

- Bakıda rəsmi fəaliyyətə 2020-ci ilin fevralında başladım. Bu müddətdə Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoyuldu. Vətən müharibəsi ilə qəhrəman Azərbaycan ordusu işğal olunmuş torpaqlarını düşməndən azad etdi. Bu, necə bir hiss idi? Bunu ifadə etmək asan deyil. Mən müharibənin əvvəlindən sonuna qədər canlı şahid oldum. Azərbaycan əsgərinin şəhidlik zirvəsinə ucalaraq qazandığı zəfəri günbəgün izlədim. Şübhəsiz ki, bunlar mənim həyatımın ən mənalı günləri idi. Azərbaycan xalqının göz yaşları qurudu, çəkdiyi əzab-əziyyət sona çatdı. Ən əsası isə artıq daha məğrur bir xalq gözümüz önündə canlandı.

2020-ci ildən sonrakı Azərbaycan xalqında özünəinamın bərpa olunduğunu, özünə və dövlətinə güvənən bir cəmiyyətə çevrildiyini gördüm. Bu, məni son dərəcə sevindirirdi. Çünki mən Azərbaycana sevgi hissiylə böyümüşəm. Azərbaycan mənim üçün sadəcə qardaş ölkə və ya ikinci vətən deyil, isti bir evimdi.

Bu müharibə zəfərlə nəticələnəndə Azərbaycanın taleyi kökündən dəyişdi. Diqqət etsəniz, beş il ərzində Qarabağı bərpa edən, yenidən ayağa qaldıran bir dövlətdən də irəli gedərək bölgədə aparıcı aktor dövlətə çevrildi. Xülasə, sərhədlərdən kənarda da etibarlı, sözü keçən və güvənilən bir tərəfdaş oldu. Bu, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyəli siyasətinin nəticəsidir. Prezident İlham Əliyev Qarabağ Zəfəri və ondan sonra qurduğu Böyük Azərbaycanla tarixdə qalacaq.

Bu müddət ərzində ölkəmin Azərbaycanın hər zamankı kimi yanında olması isə qürurverici və sevindiricidi.

Mən 2020-2025-ci illərdə Bakıda fəaliyyət göstərdim. Azərbaycanın tanınmış sənətçiləri, siyasətçiləri, alimləri və nüfuzlu insanları ilə dostluq münasibətləri qurdum. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafına xüsusi önəm verdim və buna nail oldum.

Bu gün Azərbaycan deyildikdə qəlbimin bir yerində dərin bir sızıltı hiss edirəm. Bakı üçün çox darıxıram. Orasız bir dünya təsəvvür edə bilmirəm. Hazırda Türkiyədə olsam da, Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edirəm. Azərbaycanın Türkiyədəki səfiri cənab Rəşad Məmmədovla görüşüb, qardaş ölkələr arasında siyasi, mədəni və humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmışıq. Hər zaman azərbaycanlı qardaşlarımın yanında olacam. Çünki Azərbaycan mənim ürəyimdə bir şah damardır.

- Fəaliyyətiniz dövründə bir çox layihələr həyata keçirdiniz, iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafında töhfə verdiniz. Maraqlıdır, ən unudulmaz layihəniz hansıdır?

- Bizim əsas məqsədimiz iki ölkənin sənətçilərini bir-biri ilə dostlaşdırmaq və sənətin ali dili ilə cəmiyyətə səslənmək idi. Fəaliyyətimiz illərində mədəniyyət və turizm naziri cənab Mehmet Nuri Ersoyun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına verdiyi töhfələr xüsusilə təqdirəlayiqdir. Keçirdiyimiz, unuda bilmədiyim tədbirlər həddindən artıq çoxdur. Məsələn, Heydər Əliyev Mərkəzi ilə birgə təşkil etdiyimiz və dəstək verdiyimiz Ağqoyunlular hökmdarı Uzun Həsənə həsr edilən sərgini qeyd edə bilərəm. İstanbul Hərbi Muzeyindən onun tarixi əşyalarını, Osmanlı Dövlət Arxivlərindən isə sənədlər gətirmişdik. Tanınmış qonaqların iştirakı ilə açılan bu sərgi son dərəcə möhtəşəm idi.

Uzun Həsənin çox canlı, yaşarı şəkildə təqdim olunmasına və tanıdılmasına imkan verən bu sərgi, deyə bilərəm ki, olduqca təsirli idi. Heydər Əliyev Mərkəzinin və onun rəhbərliyinin məsələyə ciddi yanaşaraq işə diqqətlə fokuslanması isə xüsusilə xoş təsir bağışlayırdı.

Azərbaycan Mədəniyyət Nazirliyi ilə bir çox beynəlxalq proqramlar həyata keçirdik. Kitab yarmarkaları, kino festivalları, muğam festivalları, Şuşanın Türkiyədə tanıdılması kimi saysız-hesabsız tədbirləri qeyd edə bilərəm.

Bunların içərisində Şuşanın tanıdılması məqsədilə Türkiyədən youtuberlərin dəvət olunması xüsusi yer tutur. Onlar çox maraqlı proqramlar çəkdilər. Türkiyədə bir milyondan çox insan bu sənədli materiallar vasitəsilə Şuşa ilə tanış oldu.

Bildiyiniz kimi, "MasterChef" proqramını da Azərbaycan Turizm Agentliyi ilə birgə Bakıya gətirmişdik. Bu layihə çərçivəsində həm Azərbaycan mətbəxi, həm də Bakı geniş şəkildə tanıdıldı. Yüksək izlənmə reytinqinə malik olan bu proqram da mənim üçün unudulmaz tədbirlərdəndir.

Fəaliyyətimin son ilində Türkiyə-Azərbaycan mahnılarından ibarət Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil etdik.

Azərbaycanın görkəmli mədəniyyət nümayəndələrinin qonaq qismində iştirak etdiyi bu konserti heç vaxt unuda bilmirəm. Daha sonra, dekabr ayında Xalça Muzeyində Göbəkli Təpə və Dualı Köynəklər sərgiləri seçkin qonaqların iştirakı ilə baş tutdu. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın mənə söylədiyi duyğulu sözləri və əməkdar artist Tahir İmanovun hisslərini ömrüm boyu unutmayacam.

- Bu gün Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin səviyyəsini necə qiymətləndirirsiz və sizcə, ələcəkdə bu əlaqələri daha da gücləndirmək üçün nə etmək lazımdır?

- Türkiyə ilə Azərbaycan arasındakı mədəni əlaqələr yetərlidirmi? Bəlkə də bir çoxları buna “bəli” deyər. Amma mənə görə hələ yetərli deyil. Məsələyə haradan baxdığınıza görə dəyişir. Bu gün hər iki ölkə əvvəlkindən tamamilə fərqli bir dünya nizamında fəal rol oynayır. Türkiyə qlobal gücdür, Azərbaycan isə regionunda güc mərkəzidir. Biz nə soyuq müharibə illərindəyik, nə də 1990-cı illərin əvvəllərində. Romantik millətçilik və sıradan tədbirlərlə Türk dünyasının iki böyük aktoru dünya miqyasında mövcud ola bilməz.

İlk növbədə bir-birimizi düzgün anlamalı və doğru mövqeləndirməliyik. Bu, sənətçilərin və ziyalıların üzərinə düşən bir məsuliyyətdir. Türkiyənin gücü, Azərbaycanın təmkinli siyasəti və sənətçilərinin fəal rolu birləşərsə, güclü bir missiya ortaya çıxa bilər. Əsas olan böyük millət idealımızdır.

Türkiyə və Azərbaycan siyasi mənada ortaq bir dildən istifadə edir və bunu bütün dünyada tətbiq edir. Yəni siyasi elita bunu bacarırsa, sənətçilər niyə bir-birindən uzaq olsun? Niyə ortaq bir dilləri yoxdur? Türkiyədən bəzi musiqiçilərin Bakı Konqres Mərkəzində konsert verməsi, minlərlə azərbaycanlı ilə görüşməsi əlbəttə ki, gözəldir. Bəs, bu sənətçilərin Azərbaycan sənətçiləri ilə real ünsiyyəti varmı? Türk sənətçiləri Azərbaycanı tarixi, mədəniyyəti və siyasəti ilə nə dərəcədə tanıyır? Yoxsa bu sahədə demək olar ki, heç bir məlumatları yoxdur?

Eyni şəkildə, Azərbaycanın bəzi dövlət sənətçiləri Türkiyədə çıxış edirlər. Amma bu çıxışlar o qədər zəif keçir ki, insanın buna üzülməməsi mümkün deyil.

Sənətçilər və ziyalılar bir-biri ilə birbaşa təmasda olmadıqca, türk və azərbaycanlı həmkarlar iki mədəniyyəti dərindən tanımadıqca və dünya miqyasında birlikdə hərəkət etmədikcə Türkiyə-Azərbaycan mədəni əlaqələrindən danışmaq mümkün deyil.

- Azərbaycan və Türkiyə gənclərinə mədəniyyət, dil və ortaq kimlik məsələsində hansı mesajı vermək istərdiniz?

- Azərbaycan gəncliyi daha şüurlu və millətçidir. Türk dünyasının birliyi və türklük şüuru baxımından Azərbaycan çox yüksək səviyyəli bir gəncliyə sahibdir. Əslində, “su axar, yolunu tapar” - türk və Azərbaycan gəncliyi bir-birinə çox yaxındır, çünki hər ikisi Oğuz dünyasına mənsubdur. Xüsusilə, bu iki gəncliyi elm və sənət yolu ilə yetişdirmək və onları bir-biri ilə əlaqəli hala gətirmək lazımdır.

Mən çox zaman nəsihət verməyi sevmirəm, çünki özüm də daim öyrənmə prosesindəyəm. Amma bunu deyə bilərəm ki, millətini sevə bilmək və öz torpaqlarına bağlana bilmək üçün ən əsas öyrədici kanallardan biri milli ədəbiyyatdır. Klassik və müasir şair və yazıçılarımız milli şüur aşılayır və bizi xarici təsirlərə qarşı qoruyur. Türk və Azərbaycan gəncliyinə yalnız bunu söyləyə bilərəm, ədəbiyyatımızı oxuyaraq anlamaq və bu yolla özümüz üçün bir həyat xəritəsi cızmaq lazımdır.

- Azərbaycanlı aktyor və aktrisalardan kimləri tanıyırsınız? Hansı filmlərimizi izləmisiniz?

- Azərbaycanın bir çox aktyorlarını tanıyıram. Yuxarıda qeyd etdiyim kimi onların çoxu tədbirlərimizdə iştirak ediblər. Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Tahir İmanov, Elməddin Cəfərov və aktrisalardan isə Mehriban Zəki, Dilarə Əliyevanın adını qeyd edə bilərəm. Bakıda olarkən Emin Quliyevin "Əqrəb mövsümü" teleserialını izləmişəm.

- Azərbaycanlı sənətçilərdən kimlərin mahnısını dinləyirsiniz?

- Azərbaycanlı sənətçilərdən Aygün Kazımova və Röya Ayxanın mahnılarını dinləyirəm. Aygün Kazımova Azərbaycan dünyasının parlaq ulduzudur. Röya Ayxan isə tamam başqa aləmdir. Onun lirik mahnıları yaşanmış duyğularla doludur. “Səninəm” mahnısı isə sadəcə bir mahnı deyil, yüksək hisslər və notalarla toxunmuş bir duyğu dünyasıdır.

Tünzalə Ağayeva da çox sevdiyim sənətçilərdəndir. Və əlbəttə, mütləq qeyd etməli olduğum bir ad var - Faiq Ağayev. Faiq bəy çox savadlı və güclü bir ifaçıdır. Üstəlik, səhnə performansı ilə xüsusi diqqət çəkir.

- Azərbaycan mətbəxindən ən sevdiyiniz yemək hansıdır?

- Azərbaycan mətbəxi gizli qalmış, təbiətin bütün nemətlərini süfrəsində bir araya gətirən, Allahın lütfü olan dad və zövq xəzinəsidir. Bildiyiniz kimi, hər xalqın özünəməxsus mətbəxi və ona bağlı mədəniyyəti var. Dünyanın hər yerində müxtəlif xüsusi dadlar tapmaq mümkündür. Amma məncə, bir mətbəxi zənginləşdirən təkcə yeməklərin və şirniyyatların dadı deyil, əsas məsələ mətbəx və süfrə mədəniyyətidir. Demək istəyirəm ki, bir xalq zəngin və seçkin yeməklərə sahib ola bilər, lakin əgər bunu süfrə sənətinə çevirməyibsə, orada estetik zövq və qonaq qəbul etmə üslubu yoxdursa, o mətbəx mənim fikrimcə, zəif qalır.

Məhz Azərbaycan süfrəsi bu baxımdan çox zəngindir. Çünki qonaqpərvər bir xalq olan Azərbaycan xalqı öz mətbəxini sənət səviyyəsinə yüksəldib. İndiyə qədər getdiyim, qonaq olduğum bütün Azərbaycan evlərində diqqətimi yeməklərdən çox ev sahiblərinin diqqəti, səmimiyyəti və isti münasibəti cəlb edib. Sadə evlərdən tutmuş imkanlı ailələrə, sənətkar evlərinə qədər hər yerdə qeyri-adi bir diqqət, başdan-başa çeşid-çeşid yeməklər, şirniyyatından içkisinə qədər bol süfrə görmüşəm. Üstəlik, süfrənin düzülüşü və sənətə çevrilmiş mətbəx üslubu! Azərbaycan xanımlarının əlində Azərbaycan mətbəxi həqiqətən sənətə çevrilib.

Mən düşbərəni, üç bacı dolmasını və yapraq dolmasını çox sevirəm. Bir də şah plovu var. Deyə bilərəm ki, Azərbaycan mətbəxi çox zəngindir, amma hər şeydən önəmlisi odur ki, Azərbaycan xalqı qonaqpərvərdir və qonağını baş tacı edir. Belə bir xalqın süfrəsi zəngin olmazmı?!

- Siz həm də yazıçısınız və dörd kitabın müəllifisiniz. Maraqlıdır ki, Azərbaycan əsərlərindən və poeziyasından kimlərin yaradıcılığını sevirsiniz və hansı kitabları oxumusunuz?

- Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası ilə çox güclü bir ədəbiyyatdır. Şairləri deyilməli olanı deməyi bacarıblar. Əlbəttə, nəsr də güclüdür, xüsusilə son dövr yazıçıları artıq dünyaya açılırlar. Azərbaycan ədəbiyyatının xaricə açılması siyasətini inkişaf etdirməklə, ədəbi əsərlərin müxtəlif dillərdə nəşrinə və dəstəklənməsinə töhfə vermək olduqca strateji bir qərar olar.

Mən Məhəmməd Füzulinin, İmaddədin Nəsiminin, “Hophopnamə”nin müəllifi Mirzə Ələkbər Sabirin, Hüseyn Cavid və bir çox azərbaycanlı ədiblərin yaradıcılığını mütaliə etmişəm.

Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun sevdiyim şairlərdəndir. Səməd Vurğuna heç vaxt qəzəb bəsləmədim. Çətin zamanlarda hər kəs dik dura bilməz, amma bu, Vurğunun şairliyinə əsla xələl gətirmir. Son dövrlərdə Bəxtiyar Vahabzadəni çox sevirdim.

- "Qarabağ" komandasının oyunlarını izləyirsinizmi?

- Düzünü deyim ki, fanatik bir "Qalatasaray"lıyam. Bizim bir mahnımız var, "Çocukluk aşkımsın", "Qalatasaray"lı olaraq sarı-qırmızı rənglərə böyük bir sevgiylə bağlıyam. Amma "Qarabağ" Futbol Klubu mənim ikinci sevgimdir. Bakıda, xüsusən də Avropa kuboku oyunlarını stadionda izləyərdim. İndi Türkiyədə "Qarabağ" komandasının oyunlarını izləyirəm, deyə bilərəm ki, qazandıqda dünyalar mənim olur, uduzduqda isə kədərlənirəm. Qurban Qurbanov "Qarabağ" komandası üçün böyük bir şansdır.

"Qarabağ" Futbol Klubunun Avropa kuboklarında yad bir komandaya qarşı oynamaq, qazanmaq və ya uduzmaqdan daha böyük bir məqsədi var, 30 il işğal edilmiş torpaqlardan didərgin salınmış, evindən uzaqda bir yerdə varlıq mübarizəsi aparan bir komanda, idman və mədəniyyət diplomatiyası edir. Bu, "yumşaq güc" dediyimiz mədəniyyət və idman diplomatiyasıdır.