Laçın, 25 avqust. TELEQRAF
Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.
Teleqraf-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, müsabiqənin final mərhələsində qaliblərin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
8-16 yaşında yeniyetmələr arasında birinci yerin sahibi Əhəd Ağayev, ikinci yerin sahibi Murad Nəbizadə, üçüncü yerin sahibi Kənan Tağızadə olub.
16-30 yaşında gənclər arasında isə müsabiqənin qalibi adına Aytac Bəybəlayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə Rəis Niftəliyev layiq görülüb.
Müsabiqənin münsiflər heyətinin kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşiblər.
Final mərhələsində 5 yeniyetmə 7 gənc muğam ifaçısı çıxış edib.
Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.