BAKI, 5 iyun. TELEQRAF
ABŞ-nin dövlət borcunun 2027-ci ilin son qışı ilə yayının ortaları arasında müəyyən edilmiş limitə – 41,1 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Vaşinqtondakı İkipartiyalı Siyasət Mərkəzinin hesabatında bildirilib.
Sənəddə qeyd olunur ki, 2025-ci ilin iyulunda ABŞ-nin dövlət borcu limiti 36,1 trilyon dollardan 41,1 trilyon dollara yüksəldilib. Həmin vaxtdan etibarən bu məhdudiyyətə daxil olan borcun həcmi 2,9 trilyon dollar artıb.
Mərkəzin qiymətləndirməsinə görə, Konqres əlavə tədbirlər görməzsə, ABŞ 2027-ci ildə yenidən dövlət borcu limitinə çatacaq.
Hesabatda vurğulanır ki, bundan sonra Vaşinqton administrasiyası defoltun qarşısını almaq üçün təxminən altı-doqquz ay ərzində fövqəladə maliyyə tədbirlərindən istifadə edə biləcək. Daha sonra isə ölkənin maliyyə öhdəliklərini tam və vaxtında yerinə yetirməsi çətinləşəcək.
Mütəxəssislərin fikrincə, dövlət borcu limitinə çatma müddətinə təsir edən əsas amillərdən biri ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın xərcləridir. Pentaqonun son qiymətləndirməsinə əsasən, bu xərclər 29 milyard dollara çatıb.
Hazırda ABŞ-nin dövlət borcu təxminən 39,2 trilyon dollar təşkil edir. Bu göstərici mart ayında tarixdə ilk dəfə 39 trilyon dollar həddini keçib.