TƏRTƏR, 5 iyun. TELEQRAF
May ayından etibarən ölkədə müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində 53 min hektara yaxın əkin sahəsi üzrə zərər müraciəti daxil olub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.
Onun sözlərinə görə, daxil olan müraciətlər təxminən 3500-3600 sığorta müqaviləsini əhatə edir. Zərər görən sahələrin 51 min hektara yaxını əsasən buğda və arpa əkinlərindən ibarətdir. Bundan əlavə, təxminən 2 min hektar meyvə bağı da təbii hadisələrdən zərər çəkib.
R.Səmədli qeyd edib ki, son aylarda qeyri-sabit hava şəraiti, intensiv yağıntılar, çay və suvarma kanallarında baş verən daşqınlar kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.
O bildirib ki, hazırda Tərtər rayonunun Çaylı kəndində aparılan monitorinqlər zamanı mayın 30-dan etibarən yağan güclü dolunun ərik, nektarin və şaftalı bağlarına ciddi zərər vurduğu müəyyən edilib.
Fond rəsmisinin sözlərinə görə, hazırda Aqrar Sığorta Fondunun 30-a yaxın ekspert qrupu ölkənin 35 rayonunda zərərlərin qiymətləndirilməsini aparır. Qiymətləndirmə prosesi başa çatdıqdan sonra nəticələr barədə fermerlərə məlumat veriləcək.
R.Səmədli əlavə edib ki, ən çox sığorta hadisələri martın 26-27-dən başlayaraq qeydə alınan güclü sel və subasma halları ilə bağlı olub. Xüsusilə ölkənin şimal bölgələrində ciddi fəsadlar müşahidə edilib. Son aylarda Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan iqtisadi rayonlarında, həmçinin Şamaxı, Qəbələ, İsmayıllı və Qax rayonlarında dolu və sel hadisələri təsərrüfatlara əhəmiyyətli zərər vurub.
O, fermerləri aqrar sığortadan daha fəal istifadə etməyə çağıraraq bildirib ki, istehsal dəyəri 1000 manat olan taxıl sahəsinin sığorta haqqı 13 manat təşkil edir. Bu məbləğin 50 faizi dövlət tərəfindən ödənildiyindən fermer cəmi 6 manat 50 qəpik ödəyir.
Rəvan Səmədli qeyd edib ki, gələcəkdə aqrar sığorta sahəsində əlavə güzəştlər tətbiq olunacağı təqdirdə bu barədə ictimaiyyətə və fermerlərə məlumat veriləcək.