BAKI, 26 sentyabr. TELEQRAF
Alimlərin araşdırmalarına görə, ən şirin tropik meyvələrdən biri olan manqo yüksək şəkər tərkibinə baxmayaraq, diabet riskini azalda bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Flood” nəşrində dərc olunmuş uzunmüddətli klinik araşdırmanın nəticələri göstərir.
Araşdırmalar nəticəsində məlum olub ki, hər gün bir ədəd təzə manqo yemək prediabetli insanların qanında qlükoza səviyyəsinə nəzarəti yaxşılaşdırır, insulin həssaslığını artırır və piy toxumasının miqdarını azaldır.
Araşdırmalarda iki könüllü qrupu iştirak edib. Bir qrupun üzvlərinə hər gün manqo (təxminən 32 qram şəkər), digərinə isə az şəkərli baton (təxminən 11 qram şəkər) verilib. Altı ay sonra məhz meyvənin daha faydalı olduğu məlum olub. Belə ki, bu qrupun iştirakçılarının qanında şəkər tərəddüdləri azalıb və metabolik sağlamlıq göstəriciləri yaxşılaşıb.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, bunun üçün təkcə şəkər səviyyəsi deyil, həm də məhsulun tərkibi və xüsusiyyətləri vacibdir. Manqonun tərkibi lif, vitaminlər və antioksidantlardan ibarətdir ki, bu da şirinliyi kompensasiya edir və orqanizm üçün əlavə effektlər yaradır. Şəkər əlavəli qəlyanaltılardan fərqli olaraq, bütöv meyvələr metabolik sağlamlığı dəstəkləyə və diabetin profilaktikasının bir hissəsi ola bilər.