BAKI, 16 aprel. TELEQRAF

Dilçilik İnstitutunda süni intellektlə bağlı yeni şöbə, Folklor İnstitutunda isə Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb.

Bu barədə Teleqraf-a Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, AMEA-nın növbəti iclasında İlham Əliyevin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planı barədə müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə ilkin olaraq akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar və mövcud ştat vahidləri hesabına yeni şöbənin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.

Qeyd olunanları nəzərə alaraq və bu istiqamətdə həyata keçirilən islahatların davamı olaraq, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Süni intellekt və kompüter dilçiliyi şöbəsi, AMEA-nın Folklor İnstitutunda isə daxili imkanlar və mövcud ştat vahidləri hesabına Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb.