BAKI, 16 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşrinin fikrincə, baş nazir fors-major halların qarşısını almaq və seçkilərdə qələbəsini təmin etmək üçün xüsusi hazırlıq görür.
“Hakim partiyadan əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan bu ilin sonuna qədər növbədənkənar parlament seçkiləri və konstitusiya referendumunu eyni vaxtda keçirmək niyyətindədir. Bununla referendum üçün lazımi səs kvorumunu təmin etməyə çalışır. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası indidən hadisələrin istədikləri kimi getmədiyi təqdirdə nə edəcəklərini düşünür”, - məlumatda deyilir.
Erməni KİV konstitusiya dəyişikliyinə dair referendumun Azərbaycanın tələbi çərçivəsində keçiriləcəyini bildirir. Nikol Paşinyan bu gün bəyan edib ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Həmin bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bu məqamın konstitusiyadan çıxarılması sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir.