
Bu gün gənc müğənni İlqarə Kazımovanın “Yenə, yenə” adlı mahnısına çəkilən klipinin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, “Yenə yenə” treki Empire Music Entertainment prodüser mərkəzinin üzvləri Sərxan Muradov, Orxan Bağırov, Sheyh Ree, Fərhad Köçərli tərəfindən yaradılıb. Mahnıda müasir qərb elektron musiqisini eşitməklə yanaşı, milli musiqi elementləri də dinləmək mümkündür.
Klipi çox bəyəndiyini bildirən İlqarə Kazımova bildirib ki, “Yenə, yenə” yerli şou biznesdə çəkilən kliplərdən fərqlidir: “Klip Avropa formatında çəkilib. Dekorasiyada çəkilən klipi mən çox bəyəndim. Doğrusu, elə bilirdim çəkiliş zamanı yorulacağam. Amma belə olmadı. Sevdiyim iş olduğu üçün mən çəkilişdən zövq aldım. Çox həyəcanlıydım. Amma baxıb görürəm ki, rejissorla fikirlərimiz üst-üstə düşdü və uğurlu klip alındı”.
Klipin nümayişindən sonra jurnalistlərin suallarını cavablandıran İlqarə suallara səmimi cavab verib: “Mən əminliklə deyə bilmərəm ki, anam qədər tannımış sənətçi, onun kimi nömrə bir olacağam. Amma onu dəqiq bilirəm ki, həyatı anlayandan bəri başa düşmüşəm ki, müğənni olacağam. Mikrafonu əlimdən ala bilmirdilər. Gələcəkdə əlimdən gələni edəcəyəm ki. deməsinlər İlqarə Aygün Kazımovanın qızıdır. Mən anamın adıyla məşhurlaşmaq istəmirəm. Baxmayaraq ki, bu mənim üçün bir şərəfdir. Onu da deyim ki. anam da bu klipi çox bəyənib”.
O bildirib ki, bundan sonar albom üzərində çalışacaq: “İndi klipə çəkilən mahnımız da alboma daxil olacaq. Bu mahnını xüsusilə bəyənirəm. Çünki çox adam həm mahnı, həm də klip üzərində çalışıb”.
Klipin yaradıcılarından biri Ömər Əbdülkərim İlqarə ilə işbirliyinə başlamasının səbəblərini açıqlayıb: “İlqarə bu mahnı ilə Azərbaycan şou - biznesini dəyişəcək. Necə ki, vaxtilə Aygün Kazımova da Azərbaycan şou-biznesində dəyişiklik etmişdi”.
Klipin baş prodüseri İlqarənin anası Aygün Kazımovadır. Gənc müğənni İlqarə Kazımovanın debüt ekran işinin rejissoru Anar Hüseynovdur. “Yenə, yenə” mahnısı ilk dəfə Aygün Kazımovanın doğum günündə ifa olunub. Amma teleməkanda və radiodalğalarında mahnının rotasiyası klipin təqdimatından -yəni bugündən etibarən təqdim olunacaq.
Xatırladaq ki, İlqarə Kazımova “Eurovision 2011” mahnı müsabiqəsinin yerli seçim turunun finalçısıdır. Bir müddət səhnə fəaliyyətinə ara verən müğənni dinləyiciləri bu ərəfədə 2 mahnı ilə sevindirib. Onlardan biri “Keep on, keepin on” və pop musiqi janrında olan “Bir az sevgi” mahnıları olub. “Yenə, yenə” layihəsi isə İlqarə Kazımovanın böyük səhnəyə dönüşü olacaq.
Qeyd edək ki, klip təqdimatında xalq artisti Aygün Kazımova iştirak etməyib.
Nərmin Muradova
Foto: Elçin Murad